Xəbər lenti

ABŞ Senatı Rusiyanın Ukraynaya qarşı müharibəsini soyqırım kimi tanıdı
Dünya07:35 08.12.2022

ABŞ Senatı Rusiyanın Ukraynaya qarşı müharibəsini soyqırım kimi tanıdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Senatının Xarici əlaqələr komitəsi Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım kimi tanıyan qətnamə qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Senat komitəsinin saytında məlumat yerləşdirilib.
Respublikaçı və Demokratik partiyalardan olan senatorlar tərəfindən təklif edilən sənəddə Rusiya "Ukrayna xalqına qarşı soyqırım aktları törətməkdə” pislənir. Qanunvericilər ABŞ prezidentini Maqnitski Aktı çərçivəsində müharibədə iştirak edən rusiyalılara qarşı sanksiyalar tətbiq etməyə çağırır.
"Putin öz hərəkətləri ilə son dərəcə aydın şəkildə göstərdi ki, onun məqsədi Ukrayna xalqının varlığına son qoymaqdır. Mən şəxsən onun İrpendə və Kiyev vilayətinin [digər ərazilərində] vəhşiliyinin sübutlarını gördüm”, - deyə qətnamənin müəlliflərindən biri olan respublikaçı senator Cim Riş bildirib.
Senatorların qəbul etdiyi qətnamədə ABŞ, NATO və Avropa müttəfiqləri Rusiya tərəfindən Ukrayna xalqına qarşı növbəti soyqırım aktlarının qarşısını almaq üçün Ukraynaya dəstəyi davam etdirməyə çağırılır. Senatorlar həmçinin hərbi təcavüz və cinayətlərdə, o cümlədən insanlığa qarşı cinayətlərdə təqsirli olan Rusiya siyasi rəhbərliyinin və hərbçilərinin məsuliyyətə cəlb edilməsi üçün tribunalların yaradılmasını və beynəlxalq cinayət təhqiqatının aparılmasını dəstəkləyiblər.
Bundan əvvəl Avropa Parlamenti Rusiyanı terrorizmin sponsoru elan etmişdi. Beynəlxalq Cinayət Məhkəməsi (ICC) mart ayından etibarən Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətləri araşdırır. Rusiya rəsmiləri Rusiya ordusunun hər hansı cinayətdə, o cümlədən Ukrayna şəhərlərində dinc əhalinin sənədləşdirilmiş qətliamında iştirakını inkar edir.
Daha əvvəl, Roma Papası Fransisk Rusiyanın Ukraynaya qarşı müharibəsini İkinci dünya müharibəsi zamanı yəhudilərin soyqırımı ilə müqayisə edib. "Tarix təkrarlanır. Baxın, indi Ukraynada nə baş verir”, - Fransisk bildirib. Onun sözlərinə görə, bəşəriyyət Holokost fəlakətindən ibrət dərsi almayıb.
Roma Papası daha əvvəl Ukraynadakı müharibəni 1930-cu illərin aclığı ilə müqayisə edib və bunu da soyqırım adlandırıb. Eyni zamanda o, Rusiyaya qarşı birbaşa ittihamlardan yayınıb. "Kimi günahlandırdığımı bilirsiniz. Ad çəkməyə ehtiyac yoxdur. Mən niyə Putinin adını çəkmirəm? Çünki bu, lazım deyil”, - Fransisk bildirib.
Nizami Bağırov