ABŞ və Əfqanıstanda hakim islam radikal hərəkatı Taliban nümayəndələri iki günlük danışıqlar üçün Qətərin paytaxtı Dohada toplaşıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.
ABŞ Dövlət Departamenti görüşün birinci raundundan sonra bildirib ki, Vaşinqton Talibanla iqtisadi sabitlik və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə gələcək texniki danışıqlara açıqdır.
Dövlət Departamenti Əfqanıstanda maliyyə vəziyyətinin yaxşılaşdırılmasını, o cümlədən inflyasiyanın aşağı salınmasını, eləcə də 2022-ci il qadağası çərçivəsində tiryək əkininin azaldılmasını yüksək qiymətləndirib və narkotiklərlə mübarizədə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.
Eyni zamanda, ABŞ Əfqanıstanda insan haqları ilə bağlı vəziyyətin pisləşməsindən narahatlığını ifadə edib və Talibanı qızların orta təhsil almasına qoyulan qadağanı aradan qaldırmağa, qadınların işləməsinə icazə verməyə və həbsdə olan amerikalıları azad etməyə çağırdığını təkrarlayıb.
Kabil hökuməti bildirib ki, Taliban öz növbəsində hərəkat liderlərinə qarşı səfər qadağalarını və digər məhdudiyyətləri aradan qaldırmağa və Əfqanıstan Mərkəzi Bankının xarici aktivlərini geri qaytarmağa çağırıb.
"Əfqanistan İslam Əmirliyi bir daha bəyan edib ki, Taliban liderlərinə səfər qadağasının ləğvi və Mərkəzi Bank ehtiyatlarının qaytarılması "əfqanların xarici yardımdan asılı olmadan öz iqtisadiyyatlarını inkişaf etdirə bilmələri üçün" inam yaratmaq yolunda çox vacibdir", deyə Əfqanıstan Xarici İşlər Nazirliyin sözçüsü bildirib.
Taliban liderlərinin əksəriyyəti Birləşmiş Millətlər Təşkilatına səyahət icazəsi üçün müraciət etməlidir. Əfqanıstanın bank sektoru Talibanın hakimiyyətə qayıdışından sonra sanksiyalara görə iflic vəziyyətinə düşüb. Mərkəzi Bankın Nyu-Yorkdakı Federal Ehtiyat Bankında 7 milyard dollarlıq xarici aktivləri dondurulub. İndi bu vəsaitin yarısı baş ofisi İsveçrədə yerləşən Əfqanıstan fondunda saxlanılır.
Nizami Bağırov