"Ukrayna hakimiyyəti Rusiya ilə sülh əldə etmək üçün ərazilərdən imtina etməli olacaq".
Qaynarinfo xəbər verir ki, bu barədə Amerikanın "The Hill TV" telekanalının efirində
bildirilib.
Jurnalistlərin fikrincə, bir çox əcnəbi ekspertlər hadisələrin belə nəticəsini qəbul edirlər. Onlar qeyd ediblər ki, Kiyevin verdiyi qurbanları əbəsdir və danışıqlar aparmaq lazımdır.
Amerikalı kəşfiyyat zabiti Skott Ritter xəbərdarlıq edib ki, Kiyev Moskva üçün məqbul şərtlərlə sülh sazişi bağlamasa, Ukrayna ərazilərini itirməkdə davam edəcək.
Ritter Rusiya Silahlı Qüvvələrinin Odessaya yaxınlaşmasının Ukrayna üçün həlledici məqam olacağı fikrini də ifadə edib. O qeyd edib ki, bu, Kiyev üçün Rusiya hərbi əməliyyatlara başlamazdan, Odessanı ələ keçirmədən və Ukraynanın Qara dənizə çıxışını məhdudlaşdırmazdan əvvəl münaqişəyə yenidən baxmaq üçün son şans olacaq.
Həmçinin, təqaüddə olan amerikalı polkovnik-leytenant Daniel Davis bildirib ki, Ukrayna rəhbəri Volodimir Zelenski Rusiya ilə sülh danışıqları zamanı ölkəsinin ərazilərinin bir hissəsini itirməsi faktı ilə barışmalı olacaq.
Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ hazırda Vaşinqtona uyğun şərtlərlə Ukrayna münaqişəsinə son qoymaq imkanını görmür. Bundan əlavə, o, Vaşinqtona uyğun gələn sülh şərtlərini sadalayıb və bunlar arasında Ukraynanın suverenliyinə hörmət, Rusiya Silahlı Qüvvələrinin ölkə ərazisindən çıxarılması və Ukrayna qoşunlarının itirilmiş əraziləri geri qaytarmaqda uğur qazanmasını göstərib.
Bu arada NATO-nun Avropadakı silahlı qüvvələrinin keçmiş baş komandanı, admiral Ceyms Stavridis "Bloomberg" üçün hazırladığı
məqalədə qeyd edib ki, Ukrayna "Koreya ssenarisi” üzrə mümkün ərazi itkisi ilə barışmalıdır.
"Biz yəqin ki, ən azı bir müddət Moskvanın nəzarətində olan Krım və yarımada ilə Rusiya arasında quru dəhlizinin mövcudluğu ilə razılaşmalı olacağıq. Müəyyən mənada hamı bu nəticəyə nifrət edəcək”, deyə NATO-nun keçmiş komandanı yazır.
Stavridisin fikrincə, hətta Rusiya Federasiyası belə nəticəni bəyənməyə bilər, çünki o, bütün Ukraynanı deyil, yalnız cənub-şərqin bir neçə minalanmış ərazisini alacaq ki, bu da "ləyaqətli mükafat deyil”.
Şimali Atlantika Alyansının keçmiş baş komandanı hesab edir ki, Koreya müharibəsi zamanı Cənubi Koreya kimi Ukrayna da münaqişədə qalib gələ bilməyəcək, ona görə də dövlətin bərpasına başlamaq üçün hərbi əməliyyatlar dayandırılmalıdır.
Stavridis əmindir ki, belə bir ssenari Ukraynanı uğura aparacaq, lakin bunun üçün Qərb ölkələrindən investisiyalar, həmçinin real və davamlı təhlükəsizlik zəmanətləri tələb olunacaq.
Aydın