Xəbər lenti

ABŞ TikTok-u qadağan etməyə hazırlaşır - Qanun layihəsi təqdim edildi
Dünya10:34 14.12.2022

ABŞ TikTok-u qadağan etməyə hazırlaşır - Qanun layihəsi təqdim edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Respublikaçı senator Marko Rubio Çin sosial şəbəkəsi TikTok-u ABŞ-da qadağan edən qanun layihəsini təqdim edib. Sənədi hər iki partiyanın qanunvericiləri dəstəkləyib.
Qaynarinfo xəbər verir ki, qeyd edilən qanun layihəsi senatorun saytında dərc edilib.
Mətndə qısa videoların yaradılmasına və baxılmasına imkan verən platformadan amerikalıların izlənilməsi, onların şəxsi məlumatlarını toplamaq və dezinformasiya yaymaq üçün istifadə oluna biləcəyi qeyd edilir. "Çin qanunlarına əsasən, TikTok-un ana şirkəti ByteDance Çin Kommunist Partiyasına platformanın məlumatlarını təqdim etməlidir. FTB-nin direktorundan tutmuş Federal Rabitə Komissiyasının (FCC) üzvlərinə, kibertəhlükəsizlik üzrə ekspertlərə qədər hər kəs TikTok-un amerikalılara casusluq etmək üçün istifadə oluna biləcəyini açıq şəkildə bildirir”, - Rubio bildirib.
Onun fikrincə, ABŞ hökuməti vətəndaşları Çin sosial şəbəkəsinin yaratdığı təhlükədən qorumaq üçün lazımi addımların heç birini atmayıb: 
"Biz bilirik ki, platforma xəbərləri manipulyasiya etmək və seçkilərə təsir etmək üçün istifadə olunur. Və bu qanun layihəsi Çinə cavabdır. Pekinin nəzarətində olan TikTok-a həmişəlik qadağa qoymağın vaxtı çatıb”, - Rubio deyib.
Qanun layihəsi təkcə TikTok deyil, Çinin, eləcə də Rusiyanın nəzarəti və ya təsiri altında olan istənilən sosial medianın tətbiqlərini qadağan etmək məqsədi daşıyır. Nümayəndələr Palatasında analoji qanun layihəsini respublikaçı konqresmen Mayk Qallaher və demokrat Raca Krişnamurti təqdim ediblər.
Qanun layihəsini təqdim edən Qallaher "TikTok amerikalıları aludə edən, onların məlumatlarını kütləvi şəkildə toplayan və xəbərləri senzura edən rəqəmsal fentanildir", - deyib. Onun sözlərinə görə, TikTok-un ABŞ-da fəaliyyətini davam etdirməsinə icazə vermək SSRİ-nin Soyuq müharibə dövründə New York Times və Washington Post qəzetlərini, eləcə də böyük televiziya və radio şirkətlərini almasına icazə vermək kimidir. Qallaher vurğulayıb ki, bu gün "Çin ABŞ-ın əsas rəqibidir”.
TikTok-un ABŞ-da 138 milyondan çox aktiv istifadəçisi var. FCC komissarı Brendan Carr əvvəllər proqramın istifadəsinə ölkə üzrə qadağa qoyulmasına çağırıb. FTB direktoru Kristofer Rey də Çin hökumətinin istifadəçi məlumatlarına çıxışı ilə bağlı xəbərdarlıq edib. ABŞ-ın ən azı yeddi ştatı, o cümlədən Merilend, Texas, Cənubi Dakota və Yuta artıq öz işçilərinə kompüter və telefonlarda TikTokdan istifadə etməyi qadağan edib.
Bu arada, ByteDance Oracle Korporasiyası ilə tərəfdaşlıq vasitəsilə amerikalıların məlumatlarının qorunması mexanizmini hazırlamaq üçün Hökumətin Xarici İnvestisiyalar üzrə Komitəsi (CFIUS) ilə danışıqlar aparır. Bu, ABŞ-dan istifadəçi trafikinin Oracle tərəfindən dəstəklənən serverlər vasitəsilə yönləndirilməsini nəzərdə tutur ki, bu da proqramın alqoritmlərini təsdiq edəcək. Bundan əlavə, TikTok ABŞ istifadəçi məlumatlarını yalnız ABŞ-dakı işçilərin baxa bilməsi üçün təcrid edəcək Project Texas proqramı üzərində işlədiyini söyləyib.
Nizami Bağırov