"Bundan sonra Vaşinqton və Ankara əlaqələrin müttəfiqlik münasibətlərinin ruhuna uyğun şəkildə inkişafında maraqlı olacaqlar”.
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ dövlət katibi Entoni Blinkenin Türkiyəyə səfəri və burada həmkarı Mövlud Çavuşoğlu və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşünü şərh edərkən deyib.
"Blinken Ankaraya səfəri çərçivəsində açıq şəkildə bildirdi ki, Türkiyənin yanındadırlar. Bu da təqdirəlayiq haldır. Real siyasət odur ki, mövcud vəziyyətdə ABŞ və bir sıra Qərb ölkələri Türkiyəni fəlakətlə təkbaşına buraxmadı. Onlar Türkiyə qarşısında olan müttəfiqlik borcunun nə demək olduğunu başa düşdülər. Fikrimcə, baş verən təbii fəlakətdən sonra ABŞ-ın Türkiyəyə vermək istəmədiyi silahlarla bağlı məsələdə də müəyyən irəliləyiş və yumşalmalar olacaq. Ukrayna-Rusiya müharibəsi fonunda dünya konfiqurasiyasında müəyyən hərəkətlənmələr var”, deyə ekspert bildirib.
Üzeyir Şəfiyev qeyd edir ki, Qərb Türkiyə faktorunu nəzərə almağa məcburdur:
"Bu müstəvidə Qərb Türkiyə faktorunu da nəzərə almalı olur. Bu baxımdan, NATO-Türkiyə, ABŞ-Türkiyə münasibətlərində müəyyən normalaşma ehtimalları mümkündür. Ehtimal edirəm ki, bundan sonra Vaşinqton və Ankara əlaqələrin müttəfiqlik münasibətlərinin ruhuna uyğun şəkildə inkişafında maraqlı olacaqlar. Çünki Ukrayna-Rusiya müharibəsilə məsələ elə şəkil alıb ki, artıq dünyanın yenidən şəkillənməsi gedir. Bu şəkillənmədə isə bölgədə kifayət qədər nüfuza malik Türkiyə faktoru nəzərə alınacaq”.
Qeyd edək ki, Entoni Blinken Türkiyəyə fevralın 19-da səfərə gəlib və Mövlud Çavuşoğlu ilə birlikdə zəlzələnin baş verdiyi bölgələri ziyarət edib. Səfər çərçivəsində o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb, Anıtqəbiri ziyarət edib.
Rüfət Sultan