ABŞ Türkiyənin müasir F-35 qırıcılarına keçid proqramını yalnız Ankara Rusiyanın S-300 və S-400 hava hücumundan müdafiə sistemlərini xidmətdən çıxaracağı təqdirdə bərpa etməyə hazırdır.
Qaynarinfo xəbər verir ki, bunu birifinqdə Ağ Evin Milli təhlükəsizlik şurasının koordinatoru Con Kirbi bildirib.
"Bizim baxış bucağımız dəyişməz olaraq qalır: Türkiyənin F-35 proqramı onun S-300 və S-400 raket sistemlərindən istifadəsi ilə uyğun gəlmir”, - Ağ Evin Milli təhlükəsizlik şurasının koordinatoru bildirib.
Onun sözlərinə görə, Türkiyə silahlı qüvvələrinin modernləşdirilməsi məsələsi ilə bağlı Türkiyə hökumətinin nümayəndələri ilə danışıqlar davam edir.
"Əgər Türkiyə bununla bağlı narahatlığımızı aradan qaldıra bilsə, o zaman F-35 proqramına keçid prosesi bərpa oluna bilər", - Kirbi vurğulayıb.
Xatırladaq ki, Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemini alması Vaşinqtonla münasibətləri çıxılmaz vəziyyətə salıb və bu, Vaşinqtonun "Amerikanın rəqiblərinə sanksiyalar yolu ilə mübarizə” aktı (CAATSA) çərçivəsində məhdudiyyətlər tətbiq etməsinə səbəb olub.
ABŞ həmçinin S-400-lərin onun beşinci nəsil döyüş təyyarələri üçün təhlükə yaratdığını əsas gətirərək 2019-cu ildə Türkiyəni F-35 qırıcı proqramından çıxarıb.
Lakin yanvarın 30-da ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirib ki, Vaşinqton Türkiyənin F-35 qırıcılarının "ailəsinə” qaytarılmasını müzakirə edə bilər.