Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi hava hücumundan müdafiəni gücləndirmək və artilleriya döyüş sursatlarına olan ehtiyacları ödəmək məqsədi ilə Ukraynaya ümumi məbləği 1,2 milyard dollara qədər olan yeni təhlükəsizlik yardımı paketini açıqlayıb.
Qaynarinfo Pentaqonun saytına istinadən xəbər verir ki, yeni yardım Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) çərçivəsində
veriləcək.
"Bu paket qısa müddətdə hava hücumundan müdafiə sistemləri və döyüş sursatları kimi kritik ehtiyacları təmin etmək öhdəliklərini vurğulayır. Paket Ukrayna Silahlı Qüvvələri öz ərazisini müdafiə etmək və uzunmüddətli perspektivdə Rusiyanın təcavüzünün qarşısını almaq məqsədi daşıyır”, deyə müraciətdə deyilir.
Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsünün bir hissəsi kimi ABŞ hökuməti istehsalçılardan və ya tərəfdaşlardan silah alır. Bugünkü elan Ukraynaya gələcəkdə əlavə prioritet imkanlar təqdim etmək üçün müqavilə bağlama prosesinin başlanğıcını göstərir.
Yeni təhlükəsizlik yardım paketi Ukraynaya aşağıdakı imkanları təqdim edir:
* Əlavə hava hücumundan müdafiə sistemləri və döyüş sursatları;
* Qərb tipli buraxılış qurğuları, raketlər və radarların Ukrayna zenit sistemləri ilə inteqrasiyası üçün avadanlıq;
* Pilotsuz uçuş aparatları ilə mübarizə üçün döyüş sursatları;
* 155 mm çaplı artilleriya mərmiləri;
* Kommersiya peyk ölçmə xidmətləri;
* Təlim və texniki xidmət üçün dəstək.
Aydın