ABŞ örezidenti Co Bayden Ukraynaya 425 milyon dollar dəyərində yeni silah paketi ayrıldığını elan edib. Bu paketə əlavə hava hücumundan müdafiə sistemləri daxildir.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ liderinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbəti əsasında Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Bu gün prezident Ukraynaya 425 milyon dollar dəyərində hərbi yardım paketinin ayrıldığını elan etdi. Bu paketə əlavə hava hücumundan müdafiə vasitələri, yer-hava sinfinə aid döyüş sursatları, zirehli texnika və Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün vacib döyüş sursatları daxildir", - deyə Ağ Ev bildirib.
ABŞ Müdafiə Nazirliyinin açıqlamasına görə, yeni yardım paketinə NASAMS zenit-raket kompleksləri üçün döyüş sursatları, HIMARS yaylım atəşli reaktiv sistemləri, Stinger daşınan zenit-raket kompleksləri, RIM-7 zenit-raketləri, 155 və 105 mm-lik artilleriya mərmiləri, TOW tank əleyhinə sistemlər üçün döyüş sursatları, Javelin və AT-4 tank əleyhinə kompleksləri, eləcə də nəqliyyat vasitələri, atıcı silahlar və döyüş sursatları daxildir. Pentaqonun məlumatına görə, ABŞ xüsusi hərbi əməliyyatın başlanğıcından etibarən Ukraynaya 59,1 milyard dollar dəyərində, Baydenin prezidentliyə başlamasından sonra isə 59,8 milyard dollar dəyərində hərbi yardım ayırıb.
ABŞ hökuməti yaxın aylarda Ukraynaya əlavə silahlar, o cümlədən "yüzlərlə hava hücumundan müdafiə interceptorları, on minlərlə hava hücumundan müdafiə sistemi, əlavə artilleriya sistemləri, böyük miqdarda döyüş sursatları, yüzlərlə zirehli transportyor və piyada döyüş maşınları, eləcə də minlərlə zirehli avtomobil" təqdim edəcəyinə söz verib.
Alpər
Şərhlər