ABŞ Dövlət Departamenti Ukraynaya daha bir hərbi təchizat paketinin satışına razılıq verib. Bu paket 330 milyon dollar dəyərindədir və artilleriya ilə hava hücumundan müdafiə sistemləri üçün ehtiyat hissələri və təmir xidmətlərini əhatə edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Pentaqon məlumat
yayıb.
Yeni paketə, ümumi dəyəri 150 milyon dollar olan M109 özüyeriyən haubitsalarının texniki baxışı, təmiri və əsaslı təmiri üzrə mühüm imkanlar, həmçinin 180 milyon dollar dəyərində Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün dəstək xidmətləri daxildir.
Qeyd olunur ki, müvafiq xidmətləri və materialları Ukraynaya ABŞ-ın müdafiə sənayesi şirkətləri — BAE Systems, Allison Transmission, Daimler Truck North America, Sierra Nevada Corporation, Radionix və Systems Electronic Export təqdim edəcək.
Pentaqon dəqiqləşdirir ki, söhbət ABŞ hökumətinin Ukraynaya birbaşa hərbi yardımından deyil, adıçəkilən özəl podratçı şirkətlər tərəfindən Ukrayna hökumətinə potensial silah satışının təsdiqindən gedir.
"ABŞ hökumətinə bu ehtimal olunan satışla bağlı hər hansı kompensasiya müqaviləsi təklif edildiyi məlum deyil. Əgər belə bir müqavilə olacaqsa, bu, alıcı ilə podratçı arasında danışıqlar nəticəsində müəyyənləşdiriləcək", – deyə bəyanatda bildirilir.
UNIAN-ın yazdığına görə, dünən ABŞ Ukraynaya daha iki hərbi paket göndərilməsini təsdiqləyib. Onların da ümumi dəyəri təxminən 322 milyon dollar olub. Dünənki paketdə, xüsusilə, HAWK Phase III zenit-raket sistemlərinin, texniki təminat və əlaqəli avadanlığın 172 milyon dollar dəyərində satışı nəzərdə tutulurdu. Bundan əlavə, 150 milyon dollar isə "Bradley” piyada döyüş maşınlarının, onların təmiri və texniki dəstəyi üçün ayrılmışdı.
Alpər
Şərhlər