"Vaşinqton Kiyevə sülhün imzalanması üçün təzyiq etdiyi kimi, eyni formada Rusiyaya da təzyiq göstərə bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.
Ekspert bildirib ki, Tramp adminstrasiyasının Rusiyaya təsir, təzyiq imkanları qalırsa, Moskvaya qarşı müəyyən formada təzyiq də edə bilər:
”Vaşinqton Kiyevə sülhün imzalanması üçün təzyiq etdiyi kimi, eyni formada Rusiyaya da sülhün imzalanması üçün təzyiq göstərə bilər”.
Həmsöhbətimizə görə, mövcud vəziyyətdə ABŞ Ukraynaya hərbi yardımı bərpa edəcək:
"Digər tərəfdən, Ağ Ev Rusiyanın kompromis imkanı və atəşkəs danışıqlarından imtina etməsi fonunda Ukraynaya dayandırdığı hərbi yardım göndərilməsini yenidən bərpa edə bilər. Belə olan halda, həmçinin, Amerikanın Avropa ölkələrilə birlikdə Ukraynaya yeni hərbi yardım göstərmək məsələsinin gündəmə gətirilməsi də mümkündür”.
Q. Əlibəylinin fikrincə, Putinin belə bir mövqeyi fonunda Trampın Rusiya ilə təkbətək danışıqlara üstünlük verməsi məsələsi də artıq aradan qalxır:
"Artıq bütün formalarda sülhdən imtina edir. Atəşkəsə də razı deyil. Putin hesab edir ki, müharibə apara-apara sülh müqaviləsi imzalanmalıdır. Çünki o ümid edir ki, Tramp yenə də kobud şəkildə Ukraynaya müdaxilə edəcək. Görünür, Tramp adminstrasiyasının son dövrlər Ukraynaya qarşı basqıları Putini həddən artıq ümidləndirib”.
Ekspert hesab edir ki, burada top indi Trampın meydanındadır:
"ABŞ artıq Rusiyaya təzyiqin ikinci formasına keçməlidir. Ağ Ev Kremllə təkbətək danışıqlardan imtina etməlidir. Türkiyə, Avropa Birliyinin də iştirakı ilə ABŞ, Ukrayna və Rusiya kollektiv şəkildə sülh məsələsinin müzakirəsinə başlamalıdırlar, yoxsa Tramp təcavüzə məruz qalan tərəfə təzyiq göstərməklə bir növ təcavüzkarı şirnikləndirmiş olur. Məhz Trampın bu sayaq birtərəfli mövqeyi Rusiyanın birdəfəlik atəşkəs və sülh danışıqlarından hər hansı bir formada imtina etməsinə gətirib çıxarıb”.
Qeyd edək ki, Rusiya Ukraynadakı müharibə ilə bağlı gələcək sülh danışıqlarında hər hansı güzəşti rədd edir. Kreml kompromisə getməyəcəyini, Ukraynada sülhməramlıların yerləşdirilməsini qeyri-mümkün saydığını və atəşkəsin danışıqlar yolu ilə əldə olunması ehtimalını istisna etdiyini bəyan edib. Bu barədə ISW-nin hesabatında qeyd edilir. Matrın 6-da Rusiya prezidenti Vladimir Putin Moskvadakı "Vətən Müdafiəçiləri" Fondunun bölməsinə səfəri zamanı Rusiyanın "güzəştə getməyəcəyini" və elə sülh şərtlərinə nail olmağı hədəflədiyini vurğulayıb ki, bu, ölkəyə uzunmüddətli təminatlar versin. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da mətbuat konfransı zamanı Moskvanın Ukraynada Avropa sülhməramlı qüvvələrinin yerləşdirilməsi ilə bağlı hər hansı təşəbbüsü nəzərdən keçirməyəcəyini bildirib.
Onun sözlərinə görə, belə addımlar NATO qüvvələrinin yerləşdirilməsi ilə eyniləşdiriləcək və bu da Rusiyanın onları Alyansın müharibədə birbaşa iştirakı kimi qiymətləndirməsinə səbəb olacaq. Lavrov bəyan edib ki, Ukraynadakı müharibə ilə bağlı hər hansı sülh razılaşması NATO-nun genişlənməni dayandıracağı və Ukraynanı "udmaq" niyyətindən əl çəkəcəyi təminatlarını əhatə etməlidir. Respublikaçı senator Lindsi Qrem isə Putin danışıqlarda iştirakdan imtina edərsə, Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini gözləyir.
Rüfət Sultan