ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, ABŞ İranın nüvə proqramı ilə bağlı danışıqlara aid olmayan bir sıra tələblərdən imtina etmək qərarını alqışlayır.
"İranın İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı sanksiyaların ləğvi kimi bir sıra tələblərdən imtina etmək qərarına gəlməsi bizi ruhlandırır, lakin qeyd edirik ki, bir sıra mübahisəli məsələlər hələ də qalmaqdadır", - Prays brifinq zamanı deyib. Diplomatın sözlərinə görə, ABŞ hələ də İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası təklifləri ilə bağlı səsləndirdiyi fikirləri öyrənir və onlara "mümkün qədər tez” cavab verməyə çalışacaq:
"Bu məsələ ilə bağlı biz bir gün də gecikməyəcəyik”.
Qeyd edək ki, 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran Tehranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planı imzalayıb. Lakin 2018-ci ilin mayında ABŞ-ın o zamankı prezidenti Donald Tramp JCPOA-dan çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq İran da nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərinin mərhələli şəkildə azaldıb. Yalnız ABŞ-da Co Baydenin hakimiyyətə gəlməsindən sonra yenidən məsələyə qayıtmaq istiqamətində növbəti cəhdlər edilir. 2021-ci ilin dekabrında tərəflər Avropa ölkələrinin İranın mövqelərinin yer aldığı iki saziş layihəsi üzrə razılığa gəliblər. Danışıqların sonuncu raundu 29-30 iyun tarixlərində Qətərin paytaxtı Dohada baş tutub.

Məsələni Qaynarinfo-ya şərh edən politoloq Əlimusa İbrahimov düşünür ki, Bayden hakimiyyətinin birinci dönəminin sonuna doğru İranın nüvə proqramından imtinası istiqamətində bəzi razılaşmaların əldə olunmasının şahidi olacağıq:"ABŞ təbii ki, Aİ-nin İranın verdiyi məktubu qəbul etdikdən sonra bu qərara gəlib. Bir neçə gün öncə İran nüvə proqramına qayıtmaqla bağlı Aİ-yə öz təkliflərini təqdim edib. Aİ rəsmisi Jozef Borrel də Tehranın Avropa İttifaqının nüvə proqramı ilə bağlı sorğusuna cavabını müsbət qiymətləndirib. Borrelin, ardınca Departamentin rəsmisi Praysın bu ruhda açıqlamaları deməyə əsas verir ki, artıq həmin məsələdə müəyyən yaxınlaşma var. Bu da onu göstərir ki, ABŞ hazırkı situasiyada İranla münasibətləri yumşaltmaq istiqamətində addım atmağa qərar verib. Tehranın məsələ ilə bağlı müəyyən iddialarından əl çəkməsi də göstərir ki, İran artıq sanksiyalar qarşısında tab gətirmək gücündə deyil. İranın İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı kimi tanınmasının siyahıdan çıxarılması məsələsini qoymaması göstərir ki, Tehran artıq müzarilərə açıq olmaq niyyətindədir. Düşünürəm ki, növbəti danışıqlarda müsbət addımlar atılacaq. Mümkündür ki, Bayden hakimiyyətinin birinci dönəminin sonuna qədər məsələ ətrafında müəyyən razılaşmalar əldə olunsun”.
Rüfət Sultan