ABŞ və İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almağa yönələn saziş imzalayacaqlar.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Bayden administrasiyasından bildirilib.
ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Yair Lapid Baydenin Yaxın Şərqə səfərinin ikinci günündə İranın nüvə silahı əldə etməsinin qarşısını almağı hədəfləyən saziş imzalayacaqlarını bəyan ediblər. Bayden administrasiyasının yüksək rütbəli rəsmisi razılaşmanın ABŞ və İsrail arasında uzun müddətdir davam edən təhlükəsizlik əlaqələrini genişləndirəcəyini deyib:"Bu sənəd olduqca əhəmiyyətlidir və o, İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməmək və Tehranın sabitliyi pozan fəaliyyətlərinə, xüsusən də İsrailə qarşı təhdidlərə cavab vermək öhdəliyini ehtiva edir".
Qeyd edək ki, 2021-ci ilin əvvəlində vəzifəyə gəldikdən sonra bu Baydenin Yaxın Şərqə ilk səfəridir. Bayden cümə günü işğal altındakı İordan çayının qərb sahilində Fələstin liderləri ilə görüşəcək və şənbə günü Ciddədə Səudiyyə Ərəbistanı və digər Körfəz müttəfiqlərinin liderləri ilə danışıqlar aparacaq.
İsrail televiziyasına verdiyi müsahibədə Bayden bildirib ki, saziş İranın nüvə silahı hazırlamaq cəhdlərini dayandırmaq üçün ən yaxşı şansdır.
"İndi mövcud olan İrandan daha pis olan yeganə şey nüvə silahına malik İrandır və əgər biz razılaşmaya qayıda bilsək, onları saxlaya bilərik. Ehtiyac yaranarsa, Birləşmiş Ştatların güc tətbiq edə biləcəyi sualına isə o, belə cavab verib: "Əgər bu, son çarə olacaqsa, bəli”.
Nurlan Hüseynov