Siyasət 17:45 29.11.2022

ABŞ Xəzərdə təhlükəsizliyin gücləndirilməsini istəyir - Ekspert

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, ABŞ-da səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ-ın Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydi ilə görüşüb. Məlumatda qeyd olunur ki, görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə olunub. 

Hərbi ekspert Üzeyir Cəfərov Qaynarinfo-ya açıqlamasında bildirib ki, ABŞ Xəzərdə təhlükəsizliyin gücləndirilməsi istiqamətində müəyyən addımlar ata bilər:

"Azərbaycanla ABŞ arasında əvvəllər də belə münasibətlər mövcud olub. Sadəcə son dönəmlərdə bu münasibətlər bir qədər zəifləmişdi. İndi  yenidən işlər qaydasına düşür. Bakı əvvəlki münasibətlərini bərpa edir. Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev Kristofer Qreydi ilə görüşdə ikitərəfli hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Burada İran məsələsi, Azərbaycan-İsrail münasibətləri, ölkəmizin türkdilli dövlətlərlə hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri də var. 
 


Xüsusən də ABŞ-ın Xəzər dənizində Azərbaycana dəstəyi məsələsi də müzakirə edilə bilər. Əvvəllər bu proqram mövcud idi. Ona əsasən ABŞ hər il Azərbaycana kifayət qədər ciddi dəstək verirdi. Sonradan isə bəzi ölkələr bunu qısqanclıqla qarşıladılar. Ona görə də Vaşinqtonla Bakı arasında hərbi əməkdaşlığın bu elementi arxa plana keçdi.

Belə başa düşürəm ki, artıq 2023-cü ilin yanvarından başlayaraq, tərəflər arasında hərbi əməkdaşlıq, regional təhlükəsizlik məsələləri həm Bakıda, həm də Vaşinqtonda mütəmadi şəkildə müzakirə olunacaq. Həm də ola bilsin ki, Amerika böyük  ehtimalla Xəzərdə təhlükəsizliyin gücləndirilməsi məqsədilə müəyyən addımlar atsın”. 

Rüfət Sultan