
10.2 milyard dollarlıq sərvətiylə Rusiyanın ən varlıları oliqarxlarından hesab edilən İngiltərənin "Çelsi" klubunun sahibi Roman Abramoviçin ABŞ-da Federal Təhqiqatlar Bürosu (FBI) tərəfindən nəzarətə alındığı xəbəri birjadakı şirkətinin hissələrini qarışdırıb.
Qaynar.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Abramoviçin həbs olunmasıyla əlaqədar iddiaların ortaya atılmasından qısa müddət sonra dünyanın öndə gedən dəmir-polad istehsalçısı "EVRAZ Group"un London birjasındakı hissələri bir saat içində altı faiz nisbətində dəyərini itirib. Bir FBİ əməkdaşı isə həbs xəbərlərinin doğru olmadığını, sadəcə Abromoviçdən məlumat almaq üçün onu büroya dəvət etdiklərini açıqlayıb.
İddiaların təkzib olunmasından sonra şirkət hissələrində 3.3 faizlik kiçilmə yaşanıb. 30 faiz səhmləri Abramoviçin əlində olan "EVRAZ Group" isə Rusiyanın Sibir bölgəsində iki dəmir-polad fabriki ilə yanaşı, İtaliya, Çexiya, Kanada, Ukrayna və Afrika ölkələrində də fəaliyyət göstərir.
Abramoviç haqqında yayılan söz-söhbətlərin rəqibi Boris Berezovskinin ötən həftə sürgün həyatı yaşadığı Londonda ölü tapılmasıyla əlaqədar olduğunu da deyilir. Belə ki, Abramoviçin həbs olunduğuna dair ilk iddianı Berezovskinin vəkili Aleksander Dobrovinski ortaya atmışdı.
Qaynar.info