Pentaqon ABŞ hərbçilərinin Oman körfəzində İranın neft tankerini qaçırmağa cəhd etməsi ilə bağlı xəbərləri qəti şəkildə təkzib edib.
Qaynarinfo xəbər verir ki, Pentaqonun sözçüsü Con Kirbi brifinq zamanı bu iddiaları "tamamilə yalan və uydurma" adlandırıb.
Onun sözlərinə görə, ABŞ hərbi dəniz qüvvələri heç nəyi ələ keçirməyə cəhd etməyib. Belə ki, o, rəsmi İran mediasının bugünkü xəbərlərinə münasibət bildirərək deyib ki, ABŞ hərbi gəmisi guya Oman körfəzində İran neft tankerini saxlayıb və nefti başqa gəmiyə vurmağa başlayıb, lakin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz donanması bu pirat hücumunun qarşısını alıb.
Tanker hazırda İranın ərazi sularındadır.
Xatırladaq ki, SEPAH ötən gün bəyanat yayaraq, sürət qayıqlarının Oman dənizində üzən Amerikanın nizami gəmisi ilə üz-üzə gəlməsi haqda xəbər yayıb.
Bəyanatda iddia edilir ki, bir müddət öncə Amerikanın bir hərbi gəmisi Oman dənizində İran neftini daşıyan tankeri saxladıqdan sonra həmin gəmidəki nefti başqa bir tankerə yükləyərək naməlum istiqamətdə aparmağa çalışıb.
Bildirilir ki, SEPAH-ın bölgədəki sürət qayıqları bundan xəbər tutan kimi Amerikanın hərbi gəmisi ilə üz-üzə duraraq, sözü gedən tankerin göyərtəsində əməliyyat keçirərək onu İran sahillərinə yönəldiblər.
Bəyanatda habelə iddia olunur ki, Amerikanın körfəzdəki nizami qüvvələri bir neçə hərbi helikopter və nizami gəmi ilə birlikdə SEPAH-ın sürət qayıqlarının ələ keçirdiyi iddia edilən tankerin izinə düşərək, onun İran sahillərinə aparılmasına mane olmağa çalışsalar da, buna nail ola bilməyiblər və SEPAH qayıqlarının qarşısında geri çəkilməyə məcbur olublar.
SEPAH-ın sürət qayıqları ilə Amerikanın nizami gəmisi arasında qarşıdurmanın dəqiq nə vaxt baş verdiyi açıqlanmasa da, hadisənin "son vaxtlar” meydana gəldiyi və sözügedən tankerin indi İran sahillərində olduğu bildirilir.
SEPAH baş vermiş hadisədən çəkilmiş videogörüntüləri də yayacağını bildirib.
Qeyd edək ki, SEPAH-a aid sürət qayıqları bundan öncə bir neçə dəfə körfəz sularında üzən Amerikanın nizami gəmilərinə yaxınlaşsalar da, hər dəfə Amerika qüvvələrinin xəbərdarlıq atəşindən sonra onlardan uzaqlaşmağa məcbur ediliblər.
Alpər