Tramp idarəçiliyi Səudiyyə Ərəbistanına nüvə reaktoru satmağı planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Nyu-York Times" nəşri iddia irəli sürüb. Nəşrin yazdığına görə, ABŞ prezidenti Donald Trampın baş müşaviri Ceyrd Kuşner Səudiyyəyə səfəri zamanı vəliəhd şahzadə Məhəmməd ibn Salmanla bu məsələni müzakirə etmiş ola bilər.
İran və Şimali Koreyanı nüvəsizləşdirməyə çalışan Tramp idarəçiliyinin Səudiyyəyə nüvə reaktoru satma planlarının olması iddiası gündəmi alt-üst edib. Bu işin Brukfayld şirkəti vasitəsilə həyata keçirilə biləcəyi qeyd olunur.
Xəbərdə bildirilir ki, Trampın kürəkəni Kuşnerin ailəsinin Manhattandakı "666 Fifth Avenue" adlı bahalı mülkü ilə bağlı ciddi əmlak problemləri olub. Lakin ötən ilin avqustunda Səudiyyəyə nüvə reaktoru satmağa çalışan və nüvə xidməti işi ilə məşğul olan Brukfayld şirkəti 1,1 milyard dollar ödəyərək bu problemi həll edib.
Nüvə reaktoru satılması təklifini verənlər arasında ABŞ-ın keçmiş milli təhlükəsizlik üzrə müşaviri Maykl Flaynın da olduğu iddia edilir.
Proqram çərçivəsində Səudiyyə Ərəbistanında 40 nüvə stansiyasının yaradılması barədə qərarın qəbul edildiyi, ilkin mərhələdə isə 2 stansiya ilə işə başlanılacağı qeyd olunur.
Səudiyyə Ərəbistanının isə bu stansiyaları elektrik istehsalı üçün istədiyi iddia olunur.