Abşeronda təndirxana almaq istəyən vətəndaş dələduzluqla üzləşib.
Qaynarinfo xəbər verir ki, zərərçəkən E.Məhərrəmliyə qarşı dələduzluğu Nəbi adlı makler edib.
Makler başqa bir şəxsə məxsus olan və 38 000 manata satmaq üçün ona etibar edilən təndirxananı aşağı qiymətə - 22 000 manat satmaq istəyib. Hətta bunun üçün E.Məhərrəmlidən 3300 manat beh də alıb. Zərərçəkmiş təndirxananın sahibinin başqa şəxs olduğunu bildikdə onunla danışmaq istəyib. Nəhayət, bu danışıq baş tutub. Təndirxananın sahibi obyektin qiymətinin 38 000 manat olduğunu, bundan aşağı qiymətə satmadığını bildirərək maklerə verdiyi behi geri almasını tövsiyyə edib.
Lakin E. Məhərrəmli verdiyi puldan yalnız 1300 manatı geri alıb. Məlum olub ki, yerdə qalan pulu makler şəxsi ehtiyaclarına xərcləyib.
Bu baxımdan, o, polisə şikayət edib. Makler saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində məhkəmənin qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı Abşeron Rayon Məhkəməsində aparılıb. Makler verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, təndirxananın qiyməti baha olduğu satmaq mümkün olmayıb. Bu baxımdan, o, obyekti aşağı qiymətə satmaq istəyib. Sadəcə bu barədə təndirxananın sahibinə bildirməyib. O, bildirib ki, təndirxananın sahibi ona satmaq üçün iki obyekt etibar edib. Düşünüb ki, digər obyekti baha qiymətə satmaqla təndirxananın ucuz satılmasını kompensasiya edə bilər.
Dəymiş zərərin qaytarılmamasına gəlincə, təqsirləndirilən şəxs bunu maddi imkansızlığı ilə izah edib.
Məhkəmə verilmiş ittiham üzrə Nəbi adlı makleri təqsirli bilib. Ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesablanmaqla verilən cəzadan çıxılıb və üzərində qəti olaraq 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər