"Aeroflot” öz əməkdaşlarına ehtiyat hissələrinin olmaması səbəbindən təyyarənin salonundakı nasazlıqları daha az qeyd etməyi əmr edib. Nəticədə təyyarələr ciddi nasazlıqla uça bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Layihə” sənədlərə və şirkətdəki mənbələrə istinadən
yazır.
2022-ci ilin mart ayında bütün baş təyyarə bələdçiləri "Aeroflot”un müvafiq departamentindən məktub alıblar. Kabin avadanlığının texniki nasazlıqlar və qüsurları barədə məlumatların uçuş jurnalına (Cabin Log Book, CLB) yalnız təyyarə komandiri ilə razılaşdırıldıqdan sonra daxil edilməsi tapşırılıb.
Nəşrin həmsöhbətləri qeyd edirlər ki, müharibə və sanksiyalar başlamazdan əvvəl baş təyyarə bələdçiləri özləri CLB-dəki bütün qüsurları qeyd edirdilər və təyyarə komandirini fakt qarşısında qoyurdular. "Onlar hər şeyi yazırdılar, qəfil yoxlamalardan irad almaq şansı böyük idi", - deyə onlardan biri qeyd edib.
"Uçuşlarla bağlı problemlər başlayanda və ehtiyat hissələrin tədarükündə fasilələr yarananda, qeyri-rəsmi əmr gəldi. Bu, bütün baş təyyarə bələdçilərinə kütləvi müraciət idi. Orada qeyd olunurdu ki, uçuş zamanı qarşılaşdığınız istənilən nasazlıq CLB-də qeyd edilmir, nəyin və harada qüsur olduğunu şifahi şəkildə söyləməliyik. Deməli, ehtiyat hissələri olmadıqda və təyyarəni yerdə saxlamamaq üçün, təyyarə kifayət qədər ciddi nasazlıqla uça bilər", - deyə "Aeroflot”da baş təyyarə bələdçisi kimi 10 ildən çox işləmiş mənbə "Layihə”yə izah edib.
"Texniklər söz altında qalmırlar. Onların yanına gəldim və dedim: "Qulaq as, bu, xarab olub, mən heç nə yazmamışam”. Çox vaxt belə cavab verirdilər: "Düz eləmisən. Onsuz da həmin ehtiyat hissəsi yoxdur", - təyyarə bələdçisi bildirib.
"Belə bir əmrin əsas məqsədi, sənədlərə görə, təyyarənin təmir olunana qədər uçmasını qadağan edən nasazlıq səbəbindən təyyarənin yerdə qalmasının qarşısını almaqdır, - deyə "Aeroflot”un keçmiş əməkdaşı nəşrə bildirib. Əvvəllər, müharibədən əvvəl bu qaydaya ciddi riayət olunurdu: hər xırda şeyi yazır və hər şeyi orada düzəldirdilər".
Kabin avadanlığına, məsələn, depressurizasiya və ya təyyarədə təcili tibbi yardım zamanı istifadə olunan oksigen balonları daxildir. "Aeroflot”un bələdçilərindən biri nəşrə bildirib ki, 2022-ci ildə aviaşirkətin təyyarəsi BƏƏ-dən Moskvaya reysi göyərtəsində tam sayda oksigen balonları olmadan həyata keçirib. Bu, pilotun uçuşun gecikməməsi üçün CLB-də oksigen balonunun çatışmazlığı ilə bağlı qeydlər aparmağı məqsədəmüvafiq hesab etməyib. Təyyarə artıq Şeremetyevoya çatandan sonra problem jurnalda qeyd edilib. "Əvvəllər təcili yardım avadanlığının olmaması səbəbindən dərhal işdən çıxarırdılar”, - "Layihə”nin mənbəsi qeyd edib.
Təyyarənin göyərtəsindəki tualetləri yuyulması üçün "vakuum generatoru" adlanan bir cihaz istifadə olunur, hava "kanalizasiyası" funksiyasını daşıyır. İstehsalçının qaydalarına görə, nasaz generatorla 10 gündən artıq uçmaq olmaz. Buna baxmayaraq, Rusiya aviaşirkətinin təyyarəsi təxminən 6 aya yaxın işləməyən generatorla uçub. Buna görə də təyyarədəki tualetlər yalnız uçuş hündürlüyü 5 km-dən çox olduqda işləyirdi, aşağıda və yerdə tualetin içindəkilər sadəcə yuyulmamış qalırdı. "Sanksiyalara görə bu aqreqat altı aydan tez təmin edilə bilmədi. Və bununla da, təyyarə təxminən 5-6 ay ərzində qanunsuz olaraq nasazlıqla uçub”, - deyə "Layihə”nin mənbəsi bildirib.
Nəşr qeyd edir ki, "ilk baxışda bu problem xırda bir şey kimi görünə bilər, lakin mülki aviasiya kimi ciddi şəkildə tənzimlənən sənayedə hətta kiçik qüsurlar da çox vaxt qorxulu nəticələrə səbəb olur”.
Nizami Bağırov