
Azərbaycanın paytaxtı Bakı mayın 5-dən 21-dək ölkəmiz 17 yaşadək futbolçulardan ibarət komandalar (U-17) arasında Avropa çempionatının final mərhələsinə ev sahibliyi edəcək.
Qaynar.info xəbər verir ki, bu çempionat UEFA və AFFA tərəfindən təşkil olunacaq və turnir ərzində oynanılacaq 31 qarşılaşma Bakı Olimpiya Stadionu, Bakcell Arena, Dalğa Arena və Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək. Çempionatın rəsmi püşkatma mərasiminin isə aprelin 8-də Bakıda keçirilməsi nəzərdə tutulub.
Yeniyetmələr arasında Avropa çempionatı ilk dəfə 1980-ci ildə təşkil olunub. 2000-ci ilədək çempionat U-16-lar arasında, 2001-ci ildən etibarən isə U-17-lər arasında keçirilir. Müxtəlif illərdə Luiş Fiqu, Tyeri Anri, Ueyn Runi, Kriştianu Ronaldu, Mario Qötse, Toni Kroos və Jerar Pike kimi futbol ulduzları məhz bu çempionatda futbolçu karyeralarının ilk addımlarını atıblar. Bunu nəzərə alaraq, gələcəyin hansısa dünya miqyaslı futbol ulduzunun Azərbaycanda keçiriləcək çempionatda parlaması ehtimalı yüksəkdir.
Ötən il U-17 Avropa çempionatı Bolqarıstanda keçirilib və turnirin qalibi Fransa yığma komandası olub.
Məlumat üçün qeyd edək ki, 2015-ci ilədək çempionat 8, 2015-ci ildən etibarən isə 16 komanda arasında keçirilir. Çempionatın maliyyə tərəfinə gəldikdə isə, komandaların, hakimlərin, UEFA nümayəndələrinin və digər rəsmi şəxslərin Bakı şəhərində müvafiq oteldə yerləşdirilməsi və yemək xərcləri UEFA tərəfindən ödəniləcək, ümumi təşkilati işlərin görülməsi üçün isə AFFA-nın Yerli Təşkilat Komitəsinə UEFA tərəfindən 1 milyon avroya qədər pul vəsaiti ayrılacaq. Yerli Təşkilat Komitəsinin gördüyü işlər barədə mütəmadi rəsmi məlumat veriləcək.
Qaynar.info