Dünya 18:21 21.07.2022

Afrikada malyariya: Hər iki dəqiqədə bir uşaq ölür

Uqandada ilin ilk 3 ayında malyariyadan hamilə qadınlar və uşaqlar da daxil olmaqla 628 nəfər ölüb.

Qaynarinfo bu barədə TRT-yə istinadən xəbər verir.

Parlamentdə çıxış edən Uqandanın Səhiyyə naziri Ceyn Rut Asenq yanvar-mart ayları arasında malyariyadan ölüm halları ilə bağlı məlumatları təqdim edib.
Asenq bildirib ki, ilin ilk 3 ayında 628 hamilə qadın və uşaq malyariyadan ölüb.

Asenq yanvar-mart ayları arasında malyariyadan ölənlərin 371-nin 5 yaşdan kiçik uşaq, 257-nin isə hamilə qadın olduğuna diqqət çəkib.

Onun sözlərinə görə, 2019-cu ildən bəri Uqandada malyariya səbəbindən ölümlərin artdığı müşahidə edilir, insanları qorumaq üçün təcili tədbirlər görmək lazımdır.

Vurğulanır ki, dünyada və ən çox Afrikada müşahidə edilən və ölümcül xəstəliklərin başında gələn malariya hər 2 dəqiqədə bir uşaq ölümünə səbəb olur. 

Qeyd edilir ki, hər il Afrika qitəsində orta hesabla 500 min insan malyariyadan ölür və ölənlərin yarısı uşaqlardır.

M.Arif