Birləşmiş Ştatlar yaxın bir neçə ayın kritik olacağı üçün Ukraynaya yardımla bağlı qərarın mümkün qədər tez qəbul edilməsinin vacibliyini bəyan edib.
Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi
bildirib.
Onun sözlərinə görə, müharibə başlayandan bəri Ağ Ev ardıcıl olaraq Konqres üzvlərinə Ukraynanın döyüş meydanında uğur qazanmasına kömək etmək üçün konkret olaraq nələr edildiyini və gələcəkdə nə etmək lazım olduğunu bildirib.
"Biz bu mövzudan yapışıb bütün bunları burada, mikrofonlarda şərh edə bilərik, lakin növbəti bir neçə ay Ukrayna üçün kritik olacaq", deyə Kirbi vurğulayıb.
Nümayəndələr Palatasının spikeri Mayk Consonun Ukrayna siyasətində dəqiq müəyyən edilmiş məqsədlərin olmaması ilə bağlı tənqidi ilə bağlı suala cavab verən Kirbi qeyd edib ki, Ağ Evdə aydın məqsəd - Ukraynanın qələbəsi ilə bağlı baxış var.
"Biz Ukraynanın bu müharibədə qalib gəlməsini istəyirik. Prezidentin dediyi kimi, biz Ukraynanın bütöv, firavan və suveren olmasını istəyirik. İstəyirik ki, Putin də daxil olmaqla, hamı Ukraynanın beynəlxalq sərhədlərini tanısın. Və biz Ukraynanın bu nəticələrə nail ola bilməsi üçün bütün lazımi dəstəyi davam etdirə bilmək istəyirik”, deyə Kirbi qeyd edib.
ABŞ administrasiyasının sözçüsü əlavə edib ki, cəbhə xətti hər iki tərəfdən ciddi şəkildə dəyişməsə də, Ukraynada aktiv döyüşlər davam edir.
"Ukraynalı komandirləri başa düşmək olar, onlar hansı silahlardan, hansı döyüş sursatından, hansı raketlərdən istifadə etdiklərinə dair olduqca çətin qərarlar qəbul etməlidirlər. Çünki onlar növbəti tədarüklərin nə vaxt olacağını bilmirlər. Və bu, dəhşətli vəziyyətdir", deyə Kirbi bildirib.
Nizami Bağırov