Xəbər lenti

Ağ Ev Ukrayna və İsrailə yardımı bir paketdə birləşdirməyi düşünür - WP
Dünya08:21 10.10.2023

Ağ Ev Ukrayna və İsrailə yardımı bir paketdə birləşdirməyi düşünür - WP

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağ Ev Ukrayna və İsrailə hərbi yardım tələbini Konqresə bir müraciətdə birləşdirməyi nəzərdən keçirir və ümid edir ki, bu, Kiyevin dəstəyinin təsdiqlənmə şansını artıracaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post” mənbələrə istinadən yazır.
Anonimlik şərti ilə danışan ABŞ administrasiyasının iki yüksək rütbəli rəsmisinə görə, paketlərin birləşdirilməsi ilə bağlı yekun qərar hələ qəbul edilməyib.
Rəsmilərdən biri deyib ki, belə bir addım məntiqli ola bilər, çünki bu, Ukraynaya yardımın əleyhinə olan, lakin İsrailə yardımı dəstəkləyən ifrat sağçıları "bloklayacaq”.
Bayden administrasiyasının yüksək səviyyəli rəsmiləri Nümayəndələr Palatasının və Senatın liderlərinə və əsas komitələrin üzvlərinə bildiriblər ki, Ağ Ev oktyabrın 7-də HƏMAS-dan olan fələstinli yaraqlıların ölkəyə sızmasından sonra Konqresdən İsrailə əlavə hərbi yardımın təsdiqlənməsini xahiş edəcək.
Mənbələr bildiriblər ki, Ağ Evdən bu tələb gələn həftə gələ bilər.
Konqresdəki demokratlar və respublikaçılar İsrailə tam dəstəyini ifadə edirlər və ABŞ-ın ən yaxın müttəfiqlərindən birinin yanında olacağına söz verirlər. Bu mövqeyi, xüsusən də Ukraynaya əlavə yardımın əleyhinə olan Konqresin ifrat sağçı üzvləri ifadə ediblər.
Ağ Ev rəsmiləri və bəzi ukraynayönlü qanunvericilər hesab edirlər ki, iki yardım paketinin birləşdirilməsi bəzi respublikaçıları birləşmiş paketə səs verməyə vadar edə bilər, çünki onlar İsrailə hərbi yardımın qarşısını almaqdan çəkinəcəklər.
Ağ Evin potensial planı artıq bazar ertəsi əngəllərlə üzləşib. Birgə maliyyə paketinin perspektivi ilə bağlı sualı cavablandıran respublikaçıların nümayənfəsi Elis Stefanik bu ideyanı dəstəkləməyib.
Onun sözlərinə görə, Nümayəndələr Palatasının respublikaçıları İsrailə ayrıca yardım paketini qəbul etmək üçün kifayət qədər səsə malikdirlər ki, bu da Senatdakı demokratlara heç bir şərt olmadan onu təsdiqləmək üçün təzyiq göstərə bilər.
Eyni zamanda, Nümayəndələr Palatasının istənilən xarici yardım paketini təsdiq etmək imkanı qanunvericilik spikeri seçilənə qədər şübhə altında qalır.
Bundan əvvəl Pentaqon ABŞ-ın eyni vaxtda İsrail və Ukraynaya lazımi hərbi yardım göstərə bilməsi üçün Konqresi əlavə maliyyələşdirməni təsdiqləməyə çağırıb.
"The Wall Street Journal"ın məlumatına görə, hər iki partiyadan olan ukraynayönlü ABŞ senatorları Ukraynaya 50-100 milyard dollar arasında illik yardım paketini tez bir zamanda qəbul etmək istəyirlər.
Nizami Bağırov