ABŞ prezidenti Co Baydenin administrasiyası ərazilərinin bir hissəsindən Rusiyanın xeyrinə imtina edəcəyi təqdirdə Ukraynaya NATO üzvlüyünün mümkünlüyü barədə danışıqların getdiyi barədə məlumatı təkzib edib.
Qaynarinfo xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Ukrayna ərazilərinin NATO-ya üzvlüyü müqabilində verilməsi ilə bağlı müzakirələrə dair sualları cavablandıran Kirbi "Belə bir şey yoxdur. Belə deyil", - deyib.
ABŞ hakimiyyətinin mövqeyi ondan ibarətdir ki, Ukrayna gələcəkdə NATO-ya üzv ola bilər və bunu Vilnüsdə keçirilən sonuncu sammit zamanı Alyansa üzv ölkələrin rəhbərliyi də təsdiqləyib, - o vurğulayıb.
"Vilnüs sammitində Alyans üzvlük yolunun inkişaf etdirilməsi ideyasını dəstəkləyib. Hazırda əsas diqqət Ukraynaya Rusiyanın təcavüzü ilə mübarizədə kömək etmək və bütövlükdə Ukraynaya məxsus olan ərazilərin qaytarılmasına yönəlib. Onlar hər gün irəliləyiş əldə edir və biz onları dəstəkləməyə davam edəcəyik”, - Kirbi bildirib.
Xatırladaq ki, avqustun 15-də Şimali Atlantika Alyansının baş katibinin ofisinin rəhbəri Stian Yenssen bildirib ki, Ukraynada müharibəyə son qoymağın yollarından biri Kiyevin NATO-ya üzv olmaq müqabilində ərazisinin bir hissəsindən imtina etməsi ola bilər.
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko bildirib ki, Ukrayna ərazilərinin bir hissəsindən imtina müqabilində Ukraynanın NATO-ya daxil olması barədə söhbətlər qətiyyən qəbuledilməzdir.
Həmçinin, Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, bu cür bəyanatlar dünya nizamını qorumaq və "pis sülh” qurmaq cəhdləridir. O qeyd edib ki, Rusiya gələcəkdə müharibəni başqa nəsillərə ötürməkdən imtina etməyəcək.
Bununla belə, Yennsen dünən Şimali Atlantika Alyansına qoşulmaq müqabilində Ukraynaya ərazilərinin bir hissəsinin verilməsi təklifinin səhv olduğunu bildirib.