Vladimir Putinin Ukraynada qalib gəldiyi və ərazisinin bir hissəsini əlindən aldığı dünya ABŞ-ın zəiflədiyi, İran və Şimali Koreyanın gücləndiyi dünyadır.
Qaynarinfo "Agentstvo” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Fiona Hill "Politico"ya müsahibəsində
bildirib.
Bundan əlavə, onun fikrincə, Kremlin qələbəsi Çinə Hind-Sakit okean regionunda dominantlıq etməyə imkan verəcək, Yaxın Şərqdə sabitliyi pozacaq və həm Vaşinqtonun müttəfiqləri, həm də düşmənləri arasında nüvə silahının yayılması riskini artıracaq.
Putin müharibədə qalib gəlsə, bu, təkcə onun üçün böyük qələbə olmayacaq, həm də İran və Şimali Koreya da qazanacaq, Çin Amerikaya təzyiqləri artıracaq və ABŞ-ın müttəfiqləri Vaşinqtonun onları qorumaq qabiliyyətini şübhə altına alacaqlar.
"Putin üçün Ukrayna Birləşmiş Ştatlara qarşı ABŞ-ı dünya səhnəsindən sıxışdırmağa yönəlmiş proksi-müharibədir. Ukrayna indi, görsək də, görməsək də, Amerika və onun gələcəyi, müdafiə imkanlarımız və hazırlığımız, nüfuzumuz və liderliyimiz uğrunda döyüş meydanına çevrilib”, - Hill bildirib.
Hillin fikrincə, Birləşmiş Ştatlar Ukraynanı tərk edərsə, Putin "Bitdi. ABŞ etibarsız müttəfiqdir. ABŞ dünya lideri deyil” deyə bilər. O hesab edir ki, Kiyevə yardımın dayandırılması ABŞ-ın kritik anda digər ölkələri dəstəkləməyəcəyi kimi görünəcək. "Yaponiya, Cənubi Koreya, Vyetnam və ikitərəfli müqavilələrimiz olan digər ölkələr belə bir sual verəcəklər: "Yaxşı, ABŞ NATO-nun digər Avropa üzvləri ilə birlikdə Ukraynanı dəstəkləmək üçün çox şey gördü, indi isə yardımı dayandırırlar?”, - ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi vurğulayır.
O əlavə edib ki, bundan əlavə, ABŞ-a Əfqanıstandan, İraqdan və Suriyadan çəkilməsini xatırladacaqlar. Bütün bunlar Putinə ABŞ-ın öz öhdəliklərini yerinə yetirməkdə acizliyini inandırıcı şəkildə nümayiş etdirməyə və beynəlxalq lider rolunu oynamağa imkan verəcək. Və bu, bütün digər müttəfiqlərimizə çəkindirici təsir göstərəcək", - Fiona Hill narahatlığını ifadə edib.
Hill əmindir ki, Kremlin şərtləri ilə Ukraynanın bölünməsi də Putinin qələbəsi olacaq, lakin Rusiya lideri bununla kifayətlənməyəcək: "Hər kəs yerində qaldığı müddətdə o, oyunun növbəti hissəsinə keçə biləcək. O, gənclik illərində olduğu cüdo peşəkarı kimi döyüşlər və turnirlər baxımından düşünür. Əgər o, birinci döyüşdə tam qələbə qazanmasa, ikincini qazana bilər və yenə də qələbə üçün irəliləyə bilər”.
Hill qorxur ki, Putinin qələbəsi daha bir böyük qlobal problemlə - kütləvi qırğın silahlarının yayılması müşayət oluna bilər. İndi ABŞ-ın nüvə çətiri ilə qorunan Yaponiya, Cənubi Koreya və NATO ölkələri "ehtiyac yarandıqda onlara nə qədər dəstək olacağımızdan narahat olmağa başlayacaqlar". Hill bildirir ki, Türkiyə, Səudiyyə Ərəbistanı və hətta Almaniya başqa bir nüvə dövlətinin təzyiqindən və ya hücumundan qorxa və öz nüvə silahlarına sahib olmaq istəyə bilər.
Qeyd edək ki, Fiona Hill Ağ Evin Rusiya üzrə əsas analitiklərindən biridir, o cümlədən Prezident Donald Trampın dövründə. 2017-2019-cu illərdə Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisinin müavini və Milli Təhlükəsizlik Şurasında, 2006-2009-cu illərdə isə Milli Kəşfiyyat Şurasında çalışıb.
Nizami Bağırov