Avropa İttifaqı üzv ölkələrin sayının 27-dən 36-ya qədər artırılması imkanını görür və bunun üçün lazım olan dəyişiklikləri müzakirə etməyə başlayır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska pravda” Aİ Şurasına İspaniya sədrliyi tərəfindən dərc edilən qeyri-rəsmi nazirlər görüşünün elanına istinadən məlumat
yayıb.
Söhbət ümumi məsələləri və Aİ-nin genişlənməsini müzakirə etmək üçün sentyabrın 28-29-da Mursiyada keçiriləcək nazirlər görüşündən gedir. Bu, həm də Avropa siyasi birliyinin oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan iclasına müəyyən hazırlıq mərhələsi olacaq və burada genişlənmə məsələsi də mərkəzi məsələlərdən biri olacaq.
"28 sentyabr, cümə axşamı, ilk gün nazirlərin qeyri-rəsmi görüşünün əsas diqqəti Aİ-nin üzvlərinin sayının 36-ya qədər artırılması imkanına dair daxili hazırlıqların görülməsi, habelə namizəd ölkələrə dəstəyin gücləndirilməsidir”, - məlumatda bildirilir.
Hazırda Avropa İttifaqına 27 dövlət daxildir.
Genişlənmə və Qonşuluq Siyasəti üzrə Avropa komissarı Oliver Varhelinin sədrliyi ilə keçiriləcək bu qeyri-rəsmi görüş zamanı bir sıra müzakirələrin aparılması planlaşdırılır. Onlar gələcək genişlənmənin Aİ siyasətlərinə təsiri, üzvlük prosesi zamanı namizəd ölkələrin mərhələli inteqrasiyası konsepsiyası və Avropa İttifaqının özünün genişlənməyə hazır olmasına lazım olan institusional islahatlara diqqət yetirəcək.
İşgüzar nahar zamanı nazirlər liderlərin Qranada görüşünə hazırlaşmağa və növbəti gün, oktyabrın 6-da Açıq strateji muxtariyyət (OSA) konsepsiyasını müzakirə etməyə diqqət yetirəcəklər.
Nizami Bağırov