Avropa İttifaqında avqustun 25-i cümə günü rəqəmsal xidmətlər haqqında yeni qanun (Digital Service Act) qüvvəyə minib. Onun məqsədi internetdə dezinformasiya və qeyri-qanuni məzmunla mübarizə aparmaqdır.
Bu barədə Qaynarinfo "Deutsche Welle"yə istinadən xəbər
verir.
Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton qeyd edib ki, böyük onlayn platformalar və axtarış sistemləri tələblərə uyğunlaşmaq üçün kifayət qədər vaxta malikdirlər.
Qanuna görə, 45 milyondan çox istifadəçi auditoriyası olan sosial şəbəkələr və digər böyük platformalar məzmunu izləməlidir. Bundan əlavə, şirkətlər nəzarət orqanlarına rüsum ödəməlidirlər.
Qanun pozuntusuna yol verildiyi təqdirdə onları böyük məbləğdə cərimə gözləyir. Onun ölçüsü illik qlobal dövriyyənin 6%-nə qədərdir. Təkrar pozuntu halında Aİ şirkətlərin üzv ölkələrin ərazisində fəaliyyətini qadağan edə bilər.
Qanun indi "AliExpress", "Amazon Store", "AppStore", "Bing", "Booking", "Facebook", "Instagram", "Google Maps", "Google Play", "Google Search", "Google Shopping", "LinkedIn", "Pinterest", "Snapchat", "TikTok", X (keçmiş Twitter), "Wikipedia", "YouTube" və "Zalando, o cümlədən 19 platformaya şamil edilir. Bu siyahı böyüyə bilər.
Nizami Bağırov