Aİ rəsmiləri Ukraynaya müdaxilədən sonra sanksiya siyahılarına daxil edilmiş Rusiya vətəndaşlarının aktivlərinin müsadirə edilməsi istiqamətində daha bir addım atır.
Qaynarinfo xəbər verir ki, cümə axşamı Aİ Şurasının təsdiq etdiyi yeddinci sanksiya paketi çərçivəsində Kremlə yaxın oliqarxlar, məmurlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, habelə məhdudlaşdırıcı tədbirlərə məruz qalan şirkətlər öz əmlaklarını Avropa ölkələrində müstəqil şəkildə hakimiyyət orqanlarına açıqlamalı olacaqlar.
Aİ Şurasının bəyanatında
deyilir ki, aktivlərin bəyan edilməsi yükü sanksiyaların təsirinə məruz qalanların üzərinə düşür. Bu, onların dondurulmasını asanlaşdıracaq və bundan əlavə, əmlakın sonradan müsadirə edilməsi üçün hüquqi əsas yaradacaq, Brüssel rəsmisi "Bloomberg”ə izah
edib.
Avropa Komissiyası qanunvericiliyə düzəlişlər hazırlayır, onun çərçivəsində sanksiyalardan yayınma cinayət kimi tanınacaq. Bu, məhkəmə prosesinin açılmasına imkan verəcək, nəticəsi isə əmlakın müsadirəsi ilə bağlı qərar ola bilər.
"Bloomberg”in mənbəsi belə izah edir ki, sanksiyaya məruz qalan şəxslərin bəyan edilməmiş aktivlərinə həbs qoyula bilər. Qərar hər bir Aİ ölkəsi tərəfindən öz qanunvericiliyi və məhkəmə sisteminin normaları əsasında qəbul ediləcək.
İyulun 12-də Avropa Komissiyasının ədliyyə üzrə komissarı Didier Reynders bildirib ki, müsadirə prosesinin oktyabrda başlayacağı gözlənilir - bu vaxta qədər Aİ rəsmiləri müvafiq direktivin hazırlanmasını başa çatdıracaqlar.
Nizami Bağırov