Dünya 17:21 13.02.2023

Aİ-dən Rusiyaya qarşı daha sarsıdıcı sanksiya paketi gəlir - Başda Alfa-Bank...

Aİ milyarder Mixail Fridmanın təsis etdiyi ən böyük özəl bank olan Alfa-Bank da daxil olmaqla 4 Rusiya bankına və 130 təşkilat və şəxsə qarşı sanksiyalar hazırlayır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” mənbələrə istinadən məlumat yayıb.

Bundan əlavə, yeni sanksiyalar paketinə Rusiya vətəndaşlarının Aİ-də elektrik şəbəkələri və ya qaz tədarükçüləri kimi mühüm infrastruktur şirkətlərində işləməsinə qadağa da daxildir.

Polşa, Almaniya, Fransa, Baltikyanı ölkələr və başqaları tərəfindən 130-a yaxın şəxs və təşkilatın yeni siyahıları təqdim edilib.

Onların arasında Rusiya hərbi rəhbərləri, Ukraynanın işğal olunmuş ərazilərində Rusiya tərəfindən təyin edilmiş "rəsmilər”, Rusiya dövlət mediası və təbliğatında çalışan jurnalistlər, Rusiyanın hərbi əməliyyatları və ya "Vaqner” özəl hərbi şirkətlə əlaqəli digər ölkələrin şirkətləri və şəxsləri olacaq. Məhz, Mali və İrandan olan şirkətlər Rusiya ordusuna pilotsuz uçuş aparatları və komponentlər satmaqda ittiham olunur.

Həmçinin, yeni sanksiyalar paketi Rusiya rezininin, asfaltının və ya bitumunun Aİ-yə idxalına və Aİ mallarının, o cümlədən yük maşınları, digər ağır nəqliyyat vasitələri, tikinti maşınlarının Rusiyaya ixracına əlavə ticarət qadağalarını ehtiva edəcək.

Paket həmçinin Rusiyanın silah istehsalında istifadə edə biləcəyi elektron komponentlərə əlavə ixrac qadağalarını da əhatə edir.

Həmçinin Brüsseldə Rusiyaya neft ixracı ilə bağlı sanksiyalardan yayınmaqda kömək etməkdə şübhəli bilinən Dubay gəmiçilik şirkətini də sanksiyalar siyahısına daxil etməyi planlaşdırırlar.

Nizami Bağırov