Xəbər lenti

Aİ Gürcüstan və Moldovanı işğaldakı ərazilərsiz qəbul etməyə hazırdır
Dünya 11:39 24.11.2023

Aİ Gürcüstan və Moldovanı işğaldakı ərazilərsiz qəbul etməyə hazırdır

Avropa İttifaqı Gürcüstan və Moldovanı işğal olunmuş Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgələrsiz qəbul edə bilər.

Qaynarinfo xəbər verir ki, bunu Avropa Xarici fəaliyyət xidmətinin nümayəndəsi Peter Stano "İzvestiya”ya bildirib.

"Gürcüstan və Moldovanın Avropa gələcəyi münaqişələrin girovu ola bilməz. Bu, Aİ-nin ən yüksək siyasi səviyyəsində təsdiqlənib. Biz Gürcüstan və Moldovanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləməyə davam edirik”, deyə Stano bildirib.

Xatırladaq ki, noyabrın əvvəlində Avropa Komissiyası Moldova və Ukraynanın Aİ-yə daxil olması, eləcə də Gürcüstana üzvlüyə namizəd statusunun verilməsi ilə bağlı danışıqlara başlamağı tövsiyə edib. Yekun qərarı Avropa Şurası verməlidir. Məsələnin 14-15 dekabr 2023-cü il tarixlərində keçiriləcək Aİ sammitinin gündəliyinə daxil ediləcəyi gözlənilir.

Bundan əvvəl Moldova prezidenti Maya Sandu ölkənin mərhələli şəkildə Aİ-yə daxil olmasının mümkün olduğunu bildirib: "İnsanlar həyat səviyyəsinin necə yaxşılaşdığını, pensiyaların, maaşların necə artdığını, bölgələrimizdə həyatın necə yaxşılaşdığını görən kimi, təbii ki, eyni yolla getmək istəyəcəklər. İnanıram ki, onlar bu gün bunu istəyirlər, amma əvvəlki vəziyyəti saxlamağa bütün gücü ilə çalışan Rusiya Federasiyası da var".

Öz növbəsində, 2008-ci ildə Rusiya ilə müharibədən sonra Abxaziya və Cənubi Osetiya Tiflisin nəzarəti altında deyil. Bununla belə, Brüssel 2017-ci ildən Gürcüstan vətəndaşlarına, o cümlədən bu iki regionun sakinlərinə Gürcüstan biometrik pasportu olduğu halda, Aİ daxilində 90 gün ərzində vizasız səyahət etməyə icazə verib. 

Tiflis ötən ilin yazından fəal şəkildə Aİ-yə namizəd statusunu əldə etməyə çalışır. 2022-ci il martın 3-də Gürcüstan Moldova ilə birlikdə sürətləndirilmiş prosedur çərçivəsində üzvlük üçün ərizə təqdim edib. Bundan bir neçə gün əvvəl isə Ukrayna Brüsselə rəsmi sorğu göndərib. Həmin ilin iyununda Aİ Moldova və Ukraynanı İttifaqa üzv olmaq üçün namizəd status verib və Gürcüstana "Avropa perspektivi” və Avropaya inteqrasiya yolunda gələcək irəliləyiş üçün 12 meyardan ibarət siyahı təqdim edib. 

Aİ bundan əvvəl yalnız bir dəfə həll olunmamış ərazi mübahisəsi olan ölkəni öz sıralarına qəbul edib. 2004-cü ildə Cənbi Kipr Aİ-yə daxil olub, baxmayaraq ki, ərazinin təxminən 40%-i Şimali Kiprdən ibarətdir. BMT bu ərazini Türkiyə tərəfindən işğal edilmiş ərazi kimi tanıyır. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->