Dünya 20:05 10.03.2023

Aİ-nin Rusiyaya qarşı sanksiyalar variantı tükənib - Borrell

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların tətbiqi üçün demək olar ki, bütün imkanlarını tükəndirib.

Qaynarinfo xəbər verir ki, bunu Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cozep Borrell EURACTIV-ə bildirib.

"Sanksiyalar nöqteyi-nəzərindən, demək olar ki, görüləsi heç nə yoxdur, lakin biz maliyyə və hərbi dəstəyi artırmağa davam edə bilərik”, deyə Borrell Aİ müdafiə nazirlərinin görüşündən sonra bildirib.

Diplomat Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi prosesini pilləkənlərə qalxmaqla müqayisə edib:

"İşğalın başlanğıcından bir il sonra bizim daha çox seçimimiz olsaydı, qəribə olardı. Biz mərhələ-mərhələ - bəlkə də bəzən həddən artıq mərhələli şəkildə hərəkət edirdik”, deyə Borrell etiraf edib.

Qeyd edək ki, Rusiyanın Ukraynada hərbi əməliyyatına başlamasından bir il sonra Aİ 10 sanksiya paketi tətbiq edib. Məhdudlaşdırıcı tədbirlərin əsas hədəfləri Rusiya Federasiyasının maliyyə sistemi, ən böyük ölkə şirkətləri və müəyyən iqtisadi sektorlar olub. Eyni paketlərin bir hissəsi kimi tətbiq edilən şəxsi sanksiyalar Rusiya sahibkarlarına, təbliğatçılara, siyasi və ictimai xadimlərinə təsir edib.

Nizami Bağırov