Xəbər lenti

Dünya 11:53 05.10.2022

Aİ ölkələri Rusiyaya qarşı səkkizinci sanksiyalar paketi ilə bağlı razılığa gəldilər

Aİ ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı yeni, səkkizinci sanksiyalar paketi üzrə razılığa gəliblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” oktyabrın 4-də keçirilən iclasın yekunu üzrə üzə çıxan qətnamə layihəsinə istinadən yazır.

Paket çərçivəsində Rusiya neftinin qiymətinə də yuxarı hədd tətbiq ediləcək. Nəşrin məlumatına görə, bu tədbirdən narahatlığını bildirən Kipr, Yunanıstan və Malta (bu ölkələrin tankerləri Rusiya neftinin böyük hissəsini daşıyır) müəyyən güzəştlər əldə edib.

Həmçinin, yeni paketə Rusiyanın polad və müdafiə sənayesinə məhdudiyyətlər, Aİ vətəndaşlarının Rusiyanın dövlət şirkətlərinin direktorlar şurasında vəzifə tutmasına qadağa, həmçinin hərbi əməliyyatlarda "prezident Vladimir Putinə yardım edənlərə” qarşı yeni şəxsi sanksiyalar daxildir. 

Macarıstanın xarici işlər naziri Peter Siyartı, öz növbəsində, Budapeştin müzakirələr zamanı Rusiya neftinin qiymət tavanının boru kəməri tədarüklərinə şamil edilməməsini təmin etdiyini və yeni sanksiyaların nüvə enerjisinə təsir etmədiyini (bu, Paks AES üçün yeni enerji bloklarının tikintisində Macarıstanın işini çətinləşdirə bilər) söyləyib.

Qətnamənin yekun variantının oktyabrın 5-də təsdiqlənəcəyi gözlənilir.

Sentyabrın əvvəlində G7 ölkələri dekabrın 5-dən Rusiya neftinə qiymət tavanı tətbiq etmək qərarını elan ediblər.

Dekabr ayından etibarən embarqo qüvvəyə minəcək, buna əsasən Rusiya neftinin dəniz yolu ilə Aİ ölkələrinə idxalı tamamilə qadağan ediləcək; daha iki aydan sonra bu qadağa avtomatik olaraq neft məhsullarına da şamil olunacaq.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->