"Avropa İttifaqı İsveçdə Quranın yandırılması aksiyasını pisləyir, hər hansı bir müqəddəs kitaba qarşı bu cür hərəkət təhqiramizdir".
Qaynarinxo xəbər verir ki, bu barədə Aİ Xarici Xidməti
bildirib.
Agentliyin saytında qeyd edilir ki, dünyanın müxtəlif ölkələrində müsəlmanların etirazına səbəb olan bu aksiya Brüsselin fikrini əks etdirmir:
"Aİ İsveçdə bir şəxs tərəfindən Quranın yandırılmasına kəskin etirazında İsveç Xarici İşlər Nazirliyinə qoşulur. Quranın və ya hər hansı digər müqəddəs kitabın yandırılması təhqiramiz, hörmətsizlik və açıq-aşkar təxribatdır. İrqçilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün təzahürlərinə Avropada yer yoxdur".
Aİ Xarici Xidməti həmçinin əlavə edib ki, onlar din və ya inanc, ifadə azadlığını müdafiə etməyə davam edirlər. Xidmət "qarşılıqlı anlaşma və hörmət" axtarmağın tərəfdarı olduqlarını vurğulayıb.
Quranın yandırılması aksiyası iyunun 28-də Stokholmun mərkəzindəki Medborjarplatsen meydanında keçirilib. Bunu yerli polisin icazəsi ilə İraqdan olan 37 yaşlı Salvan Momika adlı mühacir həyata keçirib. İslamda əsas dini bayramlardan biri - Qurban bayramında belə aksiyanın keçirilməsi müsəlman dövlətlərinin kəskin qınağına səbəb olub. Xüsusilə, İraq və İranda İsveçin səfirlikləri qarşısında etiraz aksiyaları başlayıb.
Bundan əvvəl ərəb ölkələri Avropada Quranın yandırılmasından sonra islamofobiyanın böyüməsinə qarşı xəbərdarlıq etmişdilər.
Aydın