Avropa İttifaqı sanksiyalar altında olan Rusiyanın "Rosselxozbank”a (RSXB) SWIFT qlobal maliyyə şəbəkəsinə çıxışı olan törəmə müəssisə yaratmağa icazə verməyi nəzərdən keçirir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" vəziyyətlə tanış olan beş həmsöhbətə istinadən
yazır.
Qəzet qeyd edir ki, bu addım Rusiya maliyyə qurumunun gələcək törəmə şirkətinə taxıl ixracı ilə bağlı ödənişləri emal etməyə imkan verəcək. Qərar təhlükə altında olan Qara Dəniz Taxıl Təşəbbüsünü qorumaq məqsədi daşıyır.
Nəşr əlavə edib ki, plan Moskva tərəfindən BMT-nin vasitəçiliyi ilə aparılan danışıqlar zamanı təklif edilib və bir neçə gün əvvəl Aİ sammitində Moskvanı "taxıl sazişi”ni uzatmağa inandırmaq üçün potensial vasitə kimi müzakirə mövzusu olub. FT-nin iki həmsöhbətinin sözlərinə görə, ideya tərəfdarları Kreml tərəfindən taxıl təşəbbüsünün dəstəklənməsini təmin etmək üçün onu "pis variantların ən yaxşısı” kimi qəbul ediblər.
Nizami Bağırov