Avropa İttifaqı sanksiyaların 11-ci raundu üzrə kompromis əldə etmək üçün Rusiya ilə əlaqəsi olduğu iddia edilən 5 Çin şirkəti ilə ticarəti məhdudlaşdırmaq planlarından imtina etmək niyyətindədir.
Qaynarinfo "Bloomberg"ə
istinadən xəbər verir ki, Aİ əvvəllər Rusiya firmalarını qadağan olunmuş texnologiyalarla təchiz etdiyi iddia edilən 8 şirkət üçün ixrac məhdudiyyətləri təklif edib. Bununla belə, məsələ ilə bağlı məlumatlı mənbənin sözlərinə görə, Çin rəsmilərinin təminatlarından sonra firmalardan 5-i siyahıdan çıxarılıb. Mənbə bildirib ki, Aİ hələ də 3 Honq-Konq firması ilə ticarəti məhdudlaşdırmaq planlarını nəzərdən keçirir.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Aİ-nin 11-ci sanksiya paketi ilə bağlı müzakirələr həftələrlə dayanıb, çünki üzv dövlətlər tədbirlərin nə qədər sərt olması barədə müzakirələri davam etdirir.
"Bloomberg" qeyd edir ki, Aİ Asiya ölkəsindən asılılığını azaltmaqla ticarət əlaqələrini tarazlaşdıraraq öz strategiyasını Çinə uyğunlaşdırmağa çalışır. Çin isə şirkətlərinin hədəfə alınacağı təqdirdə qisas alacağı ilə hədələyib. Aİ-nin hərəkətləri Pekinin hədələrinə ciddi yanaşdığını göstərir.
Məsələ ilə tanış olan iki nəfərin sözlərinə görə, Aİ rəsmiləri ümid edirlər ki, sanksiyalar paketi gələn həftə təsdiq oluna və diplomatlar bazar ertəsi səhər görüşə bilərlər.
Aydın