Avropa İttifaqı ölkələrinin hökumətləri blok daxilində rusiyalı diplomatların səfərlərini məhdudlaşdırmaq barədə razılığa gəliblər. Bu, kəşfiyyat xidmətlərinin məlumatına görə, tez-tez diplomatik maskalanma altında çalışan casuslar tərəfindən törədilən sabotaj cəhdlərindəki artıma cavabdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times”
yazır.
Qeyd olunur ki, yeni qaydalar Aİ paytaxtlarında işləyən rusiyalı diplomatları ölkədə qalma rejimində sərhədi keçməzdən əvvəl səfər planları barədə digər ölkələrin hökumətlərinə məlumat verməyə məcbur edəcək.
Aİ kəşfiyyat xidmətləri bildirir ki, özlərini diplomat qismində təqdim edən rus casusları tez-tez yerləşdikləri ölkədən kənarda fəaliyyət göstərən aktivlərin və ya əməliyyatların idarəedilməsinə cavabdeh olur, beləliklə, kontrkəşfiyyat nəzarətindən daha asan yayına bilirlər.
"Onlar bir yerə təyin olunublar, amma başqa yerdə işləyirlər. Qəbul edən ölkənin kəşfiyyat xidmətləri onların nə etdiyini bilir, amma onlar sərhədi keçəndə həmin ölkənin onları izləməsi çətinləşir", deyə kəşfiyyat məruzələrinə istinad edən yüksək rütbəli bir Aİ diplomatı bildirib.
Praqa xarici işlər naziri Yan Lipavski bildirib ki, məhdudiyyətlər zəruridir.
"Rusiyaya "Şengen” yoxdur, ona görə də İspaniyada akkreditə olunmuş rusiyalı diplomatın istədiyi vaxt Praqaya gələ bilməsi məntiqsizdir. Qısa müddətli diplomatik vizaların verilməsində Vyana konvensiyasına uyğun olaraq qarşılıqlı prinsipə ciddi əməl etməliyik", deyə o, FT-ya bildirib.
Bu təşəbbüs Brüsselin Rusiyanın Ukraynaya tammiqyaslı hücumuna cavab olaraq hazırladığı yeni sanksiyalar paketinin bir hissəsidir. Paketə qəbul üçün yekdillik tələb olunur; danışıqların gedişi barədə məlumatlı mənbələr bildiriblər ki, bu tədbirə qarşı çıxan son ölkə - Macarıstan - vetosunu götürüb.
Lakin qanunun qəbulunu Avstriyanın rusiyalı oliqarx Oleq Deripaska ilə əlaqəli aktivlərdən sanksiyaların götürülməsini daxil etmək təşəbbüsü ilə bağlı mübahisə gecikdirə bilər; Avstriya bunu "Raiffeisen Bank"ının Rusiyada çəkdiyi ziyanın kompensasiyası kimi təklif edib.
"Rəsmi şəxslərin bildirdiyinə görə, ən azı on digər paytaxtın səfirləri keçən həftə deyiblər ki, əgər Avstriyanın təklifi qəbul olunarsa, onlar həmin sanksiyalar paketini dəstəkləyə bilməzlər. Daha çox müzakirələr çərşənbə günü keçiriləcək”, deyə FT yazır.
ISW analitiklərinin qeyd etdiyi kimi, Rusiya NATO ilə daha yüksək səviyyəli müharibəyə keçid üçün ilkin hazırlıq fazasına daxil olub. Eyni zamanda vurğulanır ki, bu cür təxribatlarla Rusiya Avropa əhalisi arasında qorxu yaymağa və NATO-nun qərarlılığını sarsıtmağa çalışır. Müdaxilə növlərinin və məkanlarının geniş spektri Avropada zorakılıq təhlükəsinin hər tərəfə yayıldığı təəssüratını yaratmağa yönəlib.
Alpər
Şərhlər