Xəbər lenti

Aİ rusiyalılara görə Macarıstanı Şengen zonasından çıxara bilər -
Dünya 14:43 05.08.2024

Aİ rusiyalılara görə Macarıstanı Şengen zonasından çıxara bilər - "Politico"

Macarıstanın Rusiya və Belarus vətəndaşları üçün viza məhdudiyyətlərini yumşaltmaq qərarı ilə bağlı qarşıdurma artır. Avropa Parlamentində bir qrup deputat Macarıstanın Şengen zonasından çıxarılması ehtimalı da daxil olmaqla, Budapeştə qarşı hərəkətə keçməyə çağırıb.

Bu barədə Qaynarinfo "Politico”ya istinadən xəbər verir.

Çexiyalı deputat Danuşa Nerudova və litvalı parlamentari Petras Austreviçiusun təşəbbüsü ilə hazırlanan məktubda Avropa Komissiyasından Macarıstanın qərarını təcili şəkildə araşdırması tələb olunur. Qanunvericilər bu qərarın boşluq yarada və Şengen zonasının vətəndaşlar üçün təhlükəsiz məkan kimi fəaliyyətini təhdid edə biləcəyini iddia edirlər.

"Macarıstan hökuməti siyasətini dəyişməkdən imtina edərsə, Avropa Komissiyası və bütün Aİ nümayəndələri Avropa vətəndaşlarını qorumaq üçün yeni tədbirlər, o cümlədən, Macarıstan sərhədlərində yeni nəzarətlər tətbiq etməklə, Şengen zonasında Macarıstanın mövcudluğunu şübhə altına almalıdırlar", - məktubda xəbərdarlıq edilir.

Sənəddə digər Aİ ölkələrinin Macarıstan vizalarını tanımaması və Macarıstan sərhədində nəzarətin tətbiq edilməsi ehtimalından bəhs edilir.

Bazar günü axşam saatlarına olan məlumata görə, məktubda Belçika və İrlandiyanın keçmiş baş nazirlərinin imzaları da daxil olmaqla 70-ə yaxın imza toplanıb.
Xatırladaq ki, Baş naziri Viktor Orbanın Moskvaya səfərindən az sonra Macarıstan Rusiya və Belarus vətəndaşları üçün giriş şərtlərini sadələşdirib. Budapeşt bu ölkələrin vətəndaşlarını Macarıstanda işləməyi planlaşdıranlar üçün iki il müddətinə uzadılma imkanı ilə verilən "milli kart” proqramına daxil edib.

Macarıstanın bu hərəkətləri Aİ-də tez bir zamanda sərt reaksiya doğurub. Avropa Parlamentinin ən böyük partiyası olan Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber Rusiya vətəndaşlarına viza verilməsi ilə bağlı Macarıstana qarşı təcili tədbirlər görməyə çağırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->