Avropa İttifaqı Rusiya Federasiyası vətəndaşlarına viza verilməsinə tam qadağa qoya bilməyəcək. Belə bir addım Aİ-nin viza siyasətinə uyğun gəlmir.
Qaynarinfo məlumat verir ki, bu barədə RBC-Ukrayna Finlandiya nəşri "Helsingin Sanomat”a istinadən xəbər
yayıb.
Avropa Komissiyasının sorğuya cavab olaraq verdiyi məlumata görə, Rusiyaya qarşı sanksiyalar konkret olaraq hökumətə və iqtisadi elitaya qarşı yönəlib. Bu məhdudiyyətlərin məqsədi Ukraynada aqressiv müharibənin maliyyələşdirilməsinin qarşısını almaqdır. Sanksiyaların özü adi rusiyalılara qarşı yönəlməyib.
"Həmişə humanitar yardımlar, ailə üzvləri, jurnalistlər və dissidentlər kimi viza verilməli olan qruplar var", - AK cavabında bildirib.
Eyni zamanda, Avropa Komissiyası, ümumiyyətlə, belə bir məsələnin qaldırılıb-qaldırılmadığını açıqlamayaraq müzakirələrin məxfiliyinə istinad edib.
Nəşr qeyd edir ki, Finlandiyada ruslara turist vizalarının verilməsinin məhdudlaşdırılması ilə bağlı müzakirələr davam edir. Çünki vətəndaşlar Rusiya Ukrayna ilə müharibə etdiyi bir vaxtda Finlandiya və Avropaya getməyə davam etmələrindən qıcıqlanır.
O da bildirilir ki, Helsinki turist vizalarının verilməsini, xüsusən də müraciətlərin qəbulunu məhdudlaşdırmaqla və daha tez-tez imtina vermək hallarının mümkünlüyünü nəzərdən keçirir.
Xatırladaq ki, bundan əvvəl Estoniyanın Rusiya vətəndaşlarına təhsil almaq məqsədilə turist vizalarının və yaşayış icazələrinin verilməsini qadağan etdiyi bildirilmişdi.
Nizami Bağırov