Avropa İttifaqı Rusiyanın Avropa qaz bazarına təsirini azaltmaq yollarını nəzərdən keçirir. Aİ səlahiyyətliləri yerli bazarda adi qiymətqoymadan imtinanın nəticələrini, eləcə də hazırda yanacaq qiymətlərində belə yüksək dəyişkənliyin qeydə alınmadığı Asiya qaz bazarlarına bağlılığın tətbiqini qiymətləndirir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” agentliyi Avropa Komissiyasına yaxın və müzakirələrlə tanış olan mənbələrə istinadən məlumat
yayıb.
Rəsmilər, həmçinin Avropa bazarında qazın marjinal qiymətlərinin tətbiqini müzakirə edir. Agentliyin məlumatına görə, Avropa Komissiyası qiymət təzyiqini azaltmaq və spekulyasiyanın qarşısını almaq üçün Avropanın qaz bazarına müdaxilə imkanlarını ciddi şəkildə nəzərdən keçirir.
Tədbirlərdən biri kimi, Avropa Komissiyası elektron bazardan və hamılıqla tanınan mübadilə etalonundan (bençmark) imtina etməyi təklif edir - söhbət Niderlanddakı Avropanın əsas qaz qovşağında mülkiyyətin ötürülməsi mexanizminə (Dutch Title Transfer Facility, TTF) görə qiymətlərin müəyyən edilməsindən gedir.
Avropa Komissiyası bir müddətdir ki, maliyyə nəzarəti vasitəsilə direktiv qiymətqoymanın xeyrinə bazar mexanizmindən imtina etmək istəyir. Səlahiyyətlilər narahatdırlar ki, TTF qeyri-sabit mayeləşdirilmiş təbii qaz (MTQ) tədarükləri fonunda qaz qiymətlərini artıran spekulyantlar səbəbindən uzunmüddətli müqavilələr üçün etibarlı meyar rolunu oynamayıb.
"TTF ilə Avropa gəmi MTQ təchizatı indeksi arasında qiymət mükafatı əhəmiyyətli dərəcədə artıb və bu, onun Aİ daxilində müqavilələri əlaqələndirmək üçün bir indeks kimi təmsilçiliyinə dair suallar doğurdu", - agentlik cümə günü Aİ-nin bütün üzvlərinin nümayəndələrinin görüşündə müzakirə olunacaq sənəddən bir parçaya istinad edir.
Aİ səlahiyyətliləri MTQ təchizatı üçün ayrıca ticarət platformasının yaradılmasına problemin həlli variantlarından biri kimi baxırlar. Onlar hesab edirlər ki, ayrıca birja Rusiyadan qaz nəqlinin çökməsi nəticəsində yaranmış çətin vəziyyətdən istifadə edən möhtəkirlərin qaz bazarına təzyiqini azalda bilər. Səlahiyyətlilərin tədarükün dayandırılması zamanı nəzərdən keçirdiyi başqa bir seçim, MTQ-nin qiymətini təyin edən JKM (Yaponiya/Koreya markeri) istifadə edərək TTF-nin Asiya bazarına direktiv şəkildə bağlanmasıdır. Bununla da Asiya MTQ bazarını müvəqqəti olaraq qloballaşdırmağa kömək edərdi.
Avropanın qaz bazarı üçün nəticələri azaltmaqla yanaşı, Aİ belə tədbirlərin Rusiyanın qaz gəlirlərinə əlavə olaraq zərbə vuracağına ümid edir. Agentliyin mənbələrindən biri qeyd edir ki, qiymət tavanı mexanizminin tətbiqi elə şərait yaratmalıdır ki, Rusiya qaz tədarükündən imtina edikdə, o, Avropa məhdudiyyətləri çərçivəsində tədarükün saxlanmasından "özünü daha pis hiss etsin”.
2022-ci ildə Avropa enerji bazarı Rusiyadan qaz tədarükünün azalması səbəbindən rekord təzyiqlə üzləşib. Yanacağın qiymətləri illərin ən yüksək səviyyəsinə qalxıb ki, bu da elektrik və istilik enerjisi qiymətlərini daha da yüksəldib. Avropalı biznes və ev təsərrüfatları qənaət rejiminə keçmək məcburiyyətindədir, bəzi müəssisələr artıq rentabelsizlik səbəbindən hasilatı dayandırıb və ya azaldıb. İstilik mövsümünə hazırlıq çərçivəsində Aİ qaz anbarlarının doldurulması üzrə direktivi artıq 85% yerinə yetirib. Rusiya tərəfi iddia edir ki, Avropa sanksiyaları qaldırana qədər Avropaya qaz tədarükünü artırmayacaq.
Nizami Bağırov
Şərhlər