Avropa İttifaqı Şurası indiyədək gömrük rüsumlarına cəlb olunmayan Rusiya və Belarusdan gətirilən ərzaq və gübrələrə qarşı yeni idxal rüsumlarını təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Aİ Şurasının rəsmi saytında məlumat verilib.
Qərara əsasən, artırılmış rüsumlar 1 iyul 2025-ci ildən qüvvəyə minəcək.
Yeni rüsumların məqsədi Aİ-nin Rusiya və Belarusdan kənd təsərrüfatı məhsulları idxalından asılılığını azaltmaq və Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü maliyyələşdirən gəlirləri kəsməkdir.
Azot gübrələrinə tətbiq ediləcək rüsumlar isə üç illik keçid dövrü ilə mərhələli şəkildə tətbiq olunacaq.
Avropa Şurasının açıqlamasına görə, 2023-cü ildə Aİ-yə Rusiyadan idxal edilən kənd təsərrüfatı məhsullarının 15%-i 2025-ci ildən yeni rüsumların əhatəsinə düşəcək.
Beləliklə, növbəti üç ildə Aİ şəkər, sirkə, un və heyvan yemi kimi məhsullara da idxal rüsumlarını artıracaq. Bu, Rusiyadan Aİ-yə gətirilən bütün kənd təsərrüfatı məhsullarının rüsumlarla əhatə olunması deməkdir.
Bundan əlavə, Rusiya və Belarusdan idxal edilən gübrələrə 6,5% idxal rüsumu və əlavə olaraq 2025–2026-cı illər üçün hər tonuna 40–45 avro əlavə ödəniş tətbiq ediləcək. 2028-ci ilə qədər bu rüsumlar ton başına 430 avroya qədər yüksələcək.
Eyni zamanda bu yeni qaydalar Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin Aİ ərazisindən tranzit yolu ilə üçüncü ölkələrə ixracına şamil olunmur. Avropa Komissiyası bunu qlobal ərzaq təhlükəsizliyi ilə bağlı öhdəliklərə uyğun addım kimi izah edir.
Xatırladaq ki, 22 may tarixində Avropa Parlamenti Rusiya və Belarusdan bəzi kənd təsərrüfatı məhsullarına tətbiq ediləcək 50%-lik rüsum artımı barədə qanun layihəsini ikinci oxunuşda təsdiqləyib.
Almaniya kansleri Fridrix Mers isə gələn həftə Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketinin qəbul ediləcəyini proqnozlaşdırıb. Yeni paketdə Rusiya neftinin qiymət tavanının 60 dollardan 45 dollara endirilməsi də nəzərdə tutulur.
Alpər
Şərhlər