Çərşənbə günü, yanvarın 3-də Avropa İttifaqı Şurası Rusiyanın Alrosa şirkəti və onun baş direktoru Pavel Mariniçevə qarşı əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.
Qeyd olunur ki, adıçəkilən şirkət və fiziki şəxs Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətlərə görə məsuliyyət daşıyır.
Bu məhdudiyyətlər iqtisadi və fərdi sanksiyaların 12-ci paketinə daxil olan Rusiya almazlarının idxalına qoyulan qadağanı tamamlayır.
Aİ vurğulayıb ki, Alrosa Rusiya dövlətinə məxsus olan və bütün Rusiya almaz istehsalının 90%-dən çoxunu təşkil edən dünyanın ən böyük almaz hasilatı şirkətidir. Şirkət Rusiya Federasiyası hökumətinə əhəmiyyətli gəlir təmin edən iqtisadi sektorun mühüm hissəsidir.
Aİ Şurası əlavə edib ki, Rusiya almazlarına qoyulan qadağa G7-nin Rusiyanı mühüm gəlir mənbəyindən məhrum etmək məqsədi daşıyan beynəlxalq səviyyədə razılaşdırılmış almaz idxalına qadağa hazırlamaq səylərinin bir hissəsidir.
Ümumilikdə, Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Aİ-nin məhdudlaşdırıcı tədbirləri hazırda təxminən 1950 fiziki və hüquqi şəxsə tətbiq edilir. Onların aktivlərinin dondurulacağı gözlənilir və Aİ vətəndaşlarına və şirkətlərinə onlara vəsait vermək qadağandır. Fiziki şəxslər əlavə olaraq Aİ-yə daxil olmaq və ya tranzit keçməkdən çəkindirən səyahət qadağasına məruz qalırlar.
Alpər