Xəbər lenti

Aİ səfiri Gürcüstanın avrointeqrasiyadan imtinası barədə: “Oyandıq ki...”
Dünya 12:50 29.11.2024

Aİ səfiri Gürcüstanın avrointeqrasiyadan imtinası barədə: “Oyandıq ki...”

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Gerçinski Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin yaxın 4 il ərzində Aİ-yə üzvlüklə bağlı danışıqların başlamayacağını bildirməsini çox üzücü və ağrılı bir bəyanat kimi qiymətləndirib.  

Qaynarinfo xəbər verir ki, diplomatın açıqlamasını "Avropa Pravdası" açıqlayıb.  

Gerçinski bildirib ki, "Gürcü Arzusu” hökumətinin bu qərarı faktiki olaraq Gürcüstanın əvvəlki bütün hökumətlərinin siyasətinə, həmçinin gürcü xalqının əksəriyyətinin iradəsinə ziddir.  

"Mən düşünürəm ki, biz hamımız bu gün tamamilə yeni bir reallıqla oyandıq. Dünən cənab Kobaxidzenin bəyanatını eşitdik, o bildirdi ki, Gürcüstan növbəti dörd il ərzində avrointeqrasiyanı davam etdirməkdə maraqlı deyil. Bu, əlbəttə ki, çox üzücüdür, mənim üçün isə həqiqətən ağrılıdır”, – deyə Gerçinski qeyd edib.  

Səfir vurğulayıb ki, iki il əvvəl Gürcüstana gələndə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen açıq şəkildə Gürcüstanın Aİ-yə aid olduğunu və Avropa İttifaqının Gürcüstan olmadan tam olmayacağını bildirmişdi.  

O, Aİ-nin Gürcüstan üçün qapılarını açmaq qərarı ilə qürur duyduğunu və hazırkı Gürcüstan hakimiyyətinin seçdiyi kursu gürcü xalqının əksəriyyətinin iradəsinə zidd adlandırıb.  

"Əlbəttə ki, Gürcüstan müstəqil dövlətdir. Gürcüstan suveren dövlətdir. Gürcüstan özü qərar verir ki, avrointeqrasiyanı davam etdirmək istəyir, yoxsa yox. Mənim fikrimcə, bu, çox üzücü, həqiqətən də ağrılı və təəssüfedicidir”, – deyə səfir vurğulayıb.  

28 noyabrda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Aİ-yə üzvlüklə bağlı danışıqlar məsələsində fasilə veriləcəyini açıqlayıb. Onun sözlərinə görə, Tbilisi 2028-ci ilin sonuna qədər bu məsələdə irəliləyiş etməyəcək, lakin 2030-cu ilə qədər Aİ-yə üzv olacaq.  

Kobaxidze bu qərarı bəzi Avropa siyasətçiləri və bürokratlarının Gürcüstana qarşı "şantaj”ı ilə əsaslandırıb.  

Baş nazirin bəyanatından əvvəl Avropa Parlamenti 26 oktyabrda keçirilən Gürcüstan parlament seçkilərinin nəticələrini tanımamağa dair sərt qətnamə qəbul etmişdi.  

29 noyabr gecəsi Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Tbilisinin mərkəzində hökumətin avrointeqrasiya qərarını dayandırmasına görə başlayan aksiyanı sərt şəkildə dağıdıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->