"Airbus A350-1000ULR" təyyarəsi Melburndan Tuluzaya həyata keçirdiyi sınaq uçuşunu uğurla başa vuraraq kommersiya sərnişin təyyarələri arasında fasiləsiz uçuş məsafəsi və müddəti üzrə yeni dünya rekordu müəyyənləşdirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Airbus"un rəsmi saytında məlumat verilib.
Təyyarə 23 075 kilometr məsafəni 24 saat 24 dəqiqəyə qət edib. Uçuş zamanı üç ekipaj növbəli şəkildə çalışıb. Marşrut Sakit okean, ABŞ və Kanada üzərindən keçərək Tuluzada başa çatıb. Enişdən dərhal əvvəl təyyarə gözlənilmədən ikinci dövrə vuraraq daha sonra uğurla eniş edib.
Bundan bir həftə əvvəl eyni təyyarə Tuluzadan Melburna qərb istiqamətində daha qısa marşrutla uçmuş, təxminən 16 900 kilometr məsafəni 19 saata qət etmişdi.
Əgər nəticə rəsmi şəkildə təsdiqlənərsə, bu uçuş 2005-ci ildə "Boeing 777-200LR" təyyarəsinin Honq-Konqdan Londona 22 saat 42 dəqiqəyə təxminən 21 600 kilometrlik fasiləsiz uçuş rekordunu geridə qoyacaq.
Layihənin əsas məqsədi yeni təyyarənin təxminən 23 saat davam edən kommersiya uçuşlarını təhlükəsiz və səmərəli şəkildə yerinə yetirə biləcəyini yoxlamaqdır.
"Project Sunrise" layihəsi
İndiyədək Avropadan Avstraliyaya səyahət edən sərnişinlər Yaxın Şərq və ya Cənub-Şərqi Asiyada eniş etməyə məcbur olurdular. "Airbus A350-1000ULR" bu ehtiyacı aradan qaldırmaq üçün hazırlanıb.
Təyyarənin əsas sifarişçisi Avstraliyanın "Qantas Airways" aviaşirkətidir. Şirkət "Project Sunrise" proqramı çərçivəsində Sidney və Avstraliyanın şərq sahilindəki digər şəhərlərdən London və Nyu-Yorka müntəzəm fasiləsiz reyslər açmağı planlaşdırır.
Modelin əsas texniki xüsusiyyətlərindən biri əlavə 20 min litrlik arxa mərkəzi yanacaq çəninin quraşdırılmasıdır. Bundan başqa, daha uzun məsafəyə uça bilməsi üçün sərnişin tutumu 238 yerə endirilib.
"Airbus"un əsas rəqibi nə edir?
Bundan əvvəl "Boeing" şirkətinin "737 MAX 10" modelinin sertifikatlaşdırma uçuş sınaqlarını başa vurduğu açıqlanmışdı. "737 MAX" ailəsinin ən böyük üzvü olan bu model sınaqlar zamanı üç təyyarə ilə ümumilikdə 976 uçuş həyata keçirib və 2 060 saatdan çox havada olub. Bundan əlavə, təyyarələr 1 040 saata yaxın yerüstü sınaqlardan keçib.
ABŞ şirkəti "737 MAX 10" və "737 MAX 7" modellərinin sertifikatını bu ilin sonunadək almağı, ilk çatdırılmaları isə 2027-ci ildə həyata keçirməyi planlaşdırır.
Aydın
Şərhlər