Xəbər lenti

Alçaldılmış fövqəldövlətin hərəkətləri - Fərid Zəkəriyyə yazır
Dünya06:04 05.04.2022

Alçaldılmış fövqəldövlətin hərəkətləri - Fərid Zəkəriyyə yazır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerikalı jurnalist Fərid Zəkəriyyə Putinin niyə bu müharibəyə başladığı və tarixin gedişatını dəyişən hallar haqqında
Vyetnam-Amerika yazıçısı Viet Than Nquyen yazır: "Bütün müharibələr iki dəfə aparılır: birinci dəfə döyüş meydanında, ikinci dəfə yaddaşlarda". 
Rusiya da müharibəyə səbəb olan Ukrayna müdaxiləsi ilə tarix uğrunda döyüşə başladı. Bu intellektual konfliktə nəzər salmağa dəyər, çünki o, real münaqişənin nəticəsini bəlli edəcək.
Bu tarixi müzakirənin mərkəzində NATO-nun genişlənməsi məsələsi dayanır. Bəziləri iddia edir ki, Qərbin keçmiş Sovet imperiyasına aid bir neçə ölkəni Alyansa qəbul etməsi Moskvada dərin və davamlı narazılığa səbəb olub ki, bu da öz növbəsində sonradan genişmiqyaslı təcavüzə çevrilib. Bu hadisəni ən dolğun şəkildə Çikaqo Universitetinin alimi Con Mirşeymer, eləcə də bir çoxları təsvir edib.
Elə oldu ki, NATO ilk dəfə genişlənmək barədə düşünəndə ehtiyyatlananlardan da biri mən idim. Mən buna tamamilə qarşı olmasam da, iddia edirdim ki, Polşa, Çexiya, Slovakiya və Macarıstan NATO-ya qəbul edilsə də, bundan sonrakı genişlənmənin sabit təhlükəsizlik sisteminin bir hissəsi olacağına əmin olmaq üçün və Moksvanın narahatlığını nəzərə alaraq Rusiya ilə ciddi danışıqlara başlanılmalıdır. Və aydındır ki, NATO-nun 2008-ci ildəki Buxarest Bəyannaməsi əsl fəlakət idi. Çünki, formal olaraq Ukrayna və Gürcüstanın NATO-ya üzvlük məsələsi açıq olsa da, əslində isə onların tezliklə Alyansa qəbul edilməsi mümkünsüz idi. Bu, Vladimir Putini qəzəbləndirmək üçün kifayət etsə də, iki ölkəni qorumaq üçün kifayət etmədi.
Ancaq mən həmişə NATO-nun genişlənməsi olmadan Avropanın necə görünəcəyi barədə düşünürdüm. Reallıq ondan ibarətdir ki, Sovet sferasının bir hissəsi və Sovet İttifaqına daxil olan ölkələrin böyük əksəriyyəti bu təcrübədən hədsiz dərəcədə sarsılmışdı. Belə təcrübə Rusiyaya müharibədə məğlub olmaqdan daha böyük travmadır. Bu ölkələrdə həyatın bütün hərbi, siyasi, iqtisadi və mədəni aspektləri - Bolqarıstandan tutmuş Macarıstana qədər, Ukraynadan tutmuş Gürcüstana qədər uzun onilliklər ərzində Moskvanın hökmranlığı altında olub. Onlar ümidsiz şəkildə özlərini bundan azad etməyə çalışıblar. Bu xalqları Rusiya ilə Avropa arasında ”neytral” ərazidə müdafiəsiz və köməksiz saxlamaq yalnız regionda qeyri-sabitliyin səviyyəsini artırmaq demək olardı, çünki Rusiya onları idarə etməyə çalışacaq, onlar isə buna müqavimət göstərəcəklər.
Fərid Zəkəriyyə
Moskvanın nəzarəti ələ keçirmək cəhdləri - pisləşən vəziyyəti ilə alçaldılmış keçmiş fövqəldövlətin hərəkətləridir. O vaxt mənim iddia etdiyim kimi, Qərb Rusiyaya yardım etmək və onu yenidən ayağa qaldırmaq üçün daha çox iş görməli idi (amma qeyd etmək lazımdır ki, tənqidçilər bəzən Qərbin Rusiyaya etinasızlığının dərəcəsini şişirdirlər: ABŞ və Avropa həqiqətən də Moskvaya böyük yardım paketləri təqdim edib və Rusiyaya masa arxasında yer verən yeni G-8 forumu yaradıb). Amma ən böyük problem o ola bilər ki, biz Ukraynadakı müharibəyə böyük güclərin siyasəti prizmasından baxırıq, halbuki bura imperializm daha uyğun gəlir. 
Sovet İttifaqı tarixdə sonuncu böyük çoxmillətli imperiya olub. 1990-cı illərin əvvəllərində mən Harvardda Samuel Hantinqtondan ilhamlanaraq bu cür imperiyaların dağılması tarixinin bizə nə öyrətdiyi ilə bağlı müzakirələrdə iştirak etmişəm. Cavab aydın idi: bu, həmişə imperiyaların öz keçmiş ərazilərini əldə saxlamaq üçün qanlı cəhdləri ilə müşayiət olunub. Fransızlar Əlcəzair və Vyetnamda amansız müharibələr aparıblar, ingilislər isə Mau Mau üsyanı zamanı Keniyada 10.000-dən çox insanı öldürüblər. Bütün bunlar sadəcə ona görə törədilirdi ki, onların fikrincə, dünya səhnəsində böyük güc olmaq ideyası həmin müstəmləkə torpaqlarını əldə saxlamağı tələb edir.
Bu baxımdan Rusiyanın Ukraynadakı hərəkətləri kifayət qədər proqnozlaşdırıla biləndir. 1990-cı illərdəki zəiflik dövründən sonra (Rusiya o vaxt Çeçenistanı saxlamaq üçün qanlı müharibə aparırdı) Moskva ən çox arzulanan "ərazilərini” geri almağı qarşısına məqsəd qoyub. Putin, Fransanın 1950-ci illərdə Əlcəzairi təsvir etdiyi kimi Ukraynanı Rusiyadan ayrılmaz hissə kimi xarakterizə edir. Əlcəzairi Fransanın bir hissəsi olaraq saxlamaq fikri bir çox fransız millətçiləri arasında çox məşhur olub. 
O zamanın və indinin yeganə problem ondan ibarətdir ki, o vaxtkı əlcəzairlilər kimi indiki ukraynalılar müstəmləkə təbəələri olaraq qalmaq istəmirlər. İnsanların məhz bu istəyinə bəzən laqeyd yanaşılır. Vaşinqton, London, Berlin və Moskvadakı qızılla örtülmüş iclas zallarında nə qərar verilirsə verilsin, keçmiş Sovet imperiyasındakı insanlar açıq şəkildə Qərblə siyasi, hərbi, iqtisadi və mədəni birlik yaratmaq əzmindədirlər. Və bunu əldə etmək üçün nə lazımdırsa, etməyə hazırdırlar.
Beləliklə, bizlər Rusiya və Qərbin hekayəsini danışarkən, gəlin Ukraynanın azad və müstəqil olmaq, onun uğrunda mübarizə aparmaq və ölmək istəyini - əzmini unutmayaq, çünki bu hekayənin arxasında duran əsl hərəkətverici qüvvə bəlkə də helə budur.
Tərcümə: Nizami Bağırov
Qaynarinfo