Xəbər lenti

Alimlər beynin qocalmasını ləngidən çayı açıqladı
Sağlamlıq 12:36 28.09.2025

Alimlər beynin qocalmasını ləngidən çayı açıqladı

Beynin qocalması təkcə yaşla ölçülmür, həm də orqanların, xüsusilə də beynin vəziyyətindən asılıdır. Alimlər artıq MRT müayinələri vasitəsilə beynin "yaşını" müəyyən edə və onu insanın faktiki yaşı ilə müqayisə edə bilirlər. Əgər beynin "yaşı" bioloji yaşdan böyükdürsə, idrak problemləri riski artır, əgər "gəncdirsə" bu, müsbət göstərici sayılır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Eatingwell" yazır.

Beyni sağlam saxlamağın yollarından biri də düzgün pəhrizdir. "Clinical nutrition" jurnalında dərc olunmuş yeni araşdırmaya əsasən, beynin qocalmasını ləngidən amillərdən biri də yaşıl çaydır.

Alimlər beynin yaşını, həmçinin qanda iltihabla və beyin fəaliyyəti ilə bağlı bioloji prosesləri göstərə bilən zülalları izləyiblər. Onlar müəyyən ediblər ki, yaşıl çay və digər mənbələrdən əlavə polifenollarla zənginləşdirilmiş Aralıq dənizi pəhrizi tətbiq edilən insanlarda ən əlverişli dəyişikliklər baş verib və "gənc" beyin profili müşahidə olunub.

Tədqiqat İsraildə, əsasən qarın piylənməsi və ya dislipidemiyası olan təxminən 300 böyüklə aparılıb. Onlar üç qrupa bölünüblər: sağlam qidalanma üzrə ümumi tövsiyələr, kalori məhdudiyyətli klassik Aralıq dənizi pəhrizi və polifenollarla zənginləşdirilmiş yaşıl-Aralıq dənizi pəhrizi (green-Med).

Üçüncü qrupun iştirakçıları hər gün 3-4 fincan yaşıl çay içib, həftədə təxminən yeddi pay qoz yeyib və "Mankay" (su mercimeyi) kokteyli qəbul ediblər. Bütün qruplara fiziki aktivliklə bağlı da məsləhətlər verilib.

MRT nəticələri göstərib ki, beynin "yaşı" green-Med pəhrizi saxlayanlarda daha əlverişli olub. 18 ay ərzində bu qrupda iltihabla bağlı galektin-9 adlı zülalın səviyyəsi əhəmiyyətli dərəcədə azalıb.

Nəticələr göstərir ki, polifenollarla zəngin, o cümlədən gündəlik yaşıl çay istifadəsini nəzərdə tutan Aralıq dənizi pəhrizi beynin qocalmasını ləngidə bilər.

Mütəxəssislər beyni dəstəkləmək üçün gündə 2-4 fincan yaşıl çay içməyi məsləhət görürlər. Kofeinə həssas olanlara isə günün əvvəlində içmək və ya kofeinsiz yaşıl çaya üstünlük vermək tövsiyə olunur.

Bundan əlavə, polifenol baxımından zəngin bitki qidaları – gündə bir ovuc qoz, tərəvəzlər, paxlalılar, tam taxıllar, ədviyyatlar və yaşıl yarpaqlı bitkilər – rasionda mütləq olmalıdır. Qırmızı (emal olunmuş) ətin yerinə balıq və quş ətinə üstünlük verilməsi, həmçinin müntəzəm fiziki fəaliyyət də beynin sağlamlığı üçün mühümdür.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->