ABŞ Milli Elm Fondunun Daniel K. İnouye Günəş Teleskopundan istifadə edən tədqiqatçılar Günəşin səthini indiyədək ən yüksək dəqiqliklə görüntüləyərək əvvəllər ətraflı müşahidə olunmayan burulğanabənzər plazma hərəkətlərini qeydə alıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Alimlər Havay ştatında yerləşən teleskop vasitəsilə Günəşin səthinə dair indiyədək əldə edilmiş ən detallı görüntüləri əldə ediblər.
Tədqiqatçılar bildiriblər ki, Günəşin səthində müxtəlif sürətlə hərəkət edən plazmaların yaratdığı dalğalanmalar ulduzun maqnit sahəsinin davamlı dəyişməsi nəticəsində yaranır. Onların sözlərinə görə, bu hərəkətlər ilk dəfədir ki, bu qədər yüksək dəqiqliklə müşahidə olunur.
Alimlər qeyd ediblər ki, sözügedən plazma burulğanları Yer kürəsində elektrik şəbəkələrinə və peyklərə təsir göstərən kosmik hava hadisələrinə səbəb olan enerji partlayışlarının formalaşmasında mühüm rol oynayır.
Araşdırmanın nəticələri nüfuzlu Nature elmi jurnalında dərc olunub.
Daniel K. İnouye Günəş Teleskopu
Teleskop adını 2012-ci ildə vəfat edən, 49 il ABŞ Senatında Havay ştatını təmsil etmiş Daniel K. İnouyedən götürüb.
Bu teleskop Günəşin səthini görünən və yaxın infraqırmızı işıq dalğa uzunluqlarında müşahidə etmək üçün hazırlanıb.
Teleskopdan əldə olunan məlumatlar əsasında Günəşdə baş verən plazma partlayışları və Günəş küləklərinin Günəş sistemindəki atmosfer hadisələrinə təsirini araşdıran "kosmik meteorologiya" sahəsində daha dəqiq proqnozların hazırlanması nəzərdə tutulur.
Günay
Şərhlər