Okean sularında gizlənən imkan alimlərə həm təmiz su qıtlığına, həm də enerji ehtiyaclarına cavab ola biləcək yeni texnologiya təqdim edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Ecoportal" məlumat yayıb.
ABŞ-ın Con Hopkins Universiteti, Miçiqan Dövlət Universiteti, Kornell Universiteti, Lixay Universiteti və Massaçusets Texnologiya İnstitutunun alimləri yeni elektroliz texnologiyası üzərində çalışaraq bir cihazda həm hidrogen istehsalını, həm də suyun duzsuzlaşdırılmasını birləşdiriblər.
Tədqiqatçılar bildiriblər ki, indiyədək səhralıq bölgələrdə içməli su istehsalına dair bir sıra innovativ yanaşmalar mövcud olub, lakin heç biri bu qədər perspektivli nəticə vəd etməyib. Yeni üsul dəniz suyunun günəş enerjisi ilə işləyən elektrolizdə istifadəsinə əsaslanır. Bu zaman əsas məhsul kimi yaşıl hidrogen, yan məhsul kimi isə təmiz su əldə olunur.
Alimlərin izahına görə, texnologiya hibrid günəş distillasiyası və elektroliz cihazına əsaslanır. Günəş paneli həm elektrik enerjisi yaradır, həm də artıq istiliyi toplayır. Bu istilik nazik dəniz suyu qatını qızdırır, nəticədə su buxarlanır, duz və digər qarışıqlar isə geridə qalır. Yaranan təmiz su buxarı elektroliz qurğusuna ötürülür və orada elektrik enerjisi onun molekullarını hidrogen və oksigenə ayırır.
Texnologiyanın əsas üstünlüyü ondan ibarətdir ki, dəniz suyu birbaşa elektrokatalizatorla təmasda olmur. Bu isə korroziyanın qarşısını alır, sistemin effektivliyini və uzunömürlülüyünü artırır.
Xatırladılır ki, BMT məlumatına görə, dünya üzrə su qıtlığı problemi sürətlə dərinləşir. İqlim dəyişikliyi, əhali artımı və iqtisadi inkişaf suya tələbatı daha da yüksəldib. Buna görə də günəş enerjisi kimi bərpa olunan mənbələr insanlığın gələcəyi üçün mühüm çıxış yolu ola bilər.
Aydın
Şərhlər