Alimlərdən möhtəşəm kəşf! "Canlı fosillər" görüntüləndi (VİDEO)
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Okean Kəşf Fondu tərəfindən idarə olunan 68 metrlik Nautilus E/V gəmisinin son araşdırmaları alimləri həyəcanlandıran bir uğurla nəticələnib. Gəmi tərəfindən aparılan işlər zamanı dörd ədəd nəcib mirvari qabıq (sedefli dəniz helizonu) tapılıb.
Qaynarinfo xəbər verir ki, mirvari qabıqlar böyük örtüklərində yaşayan və üzmə qabiliyyətinə malik olan başayaqlı sefalopod mollyuskalarıdır. Onlar hazırda dənizlərdə yaşayan nautiloidlərin yaxın qohumlarıdır. Təxminən 500 milyon ildir ki, mövcud olan bu canlılar, dinozorlardan xeyli əvvəl təkamül keçirmiş canlılar kimi tanınır.
Lakin indiki dövrdə mirvari qabıqları tapmaq çətin və nadir bir hadisədir. Okean Kəşf Fondu 15 il ərzində dənizlərin dərinliklərində bu canlıları axtarırdı. Uzaqdan idarə olunan Nautilus E/V bu məqsədlə 1000-dən çox dalış həyata keçirmiş, lakin bu günə qədər heç bir nəticə əldə olunmamışdı.
Nadir görüntülər 220-375 metr dərinlikdə çəkildi
Keçən mövsümün son dalışı zamanı təsadüfən çəkilən bu görüntülər alimlərin uzun axtarışlarına nöqtə qoyub. Mirvari qabıqlar Sakit okeanın cənubunda, Palau yaxınlığında yerləşən bir kanalda tapılıb. Suyun 220-375 metr dərinliyində çəkilən bu görüntülər ekspedisiya üzvlərini sevindirib.
Hazırda yer üzündə altı növ mirvari qabığı yaşayır. Bu nadir canlılara yalnız robotlar vasitəsilə çox dərin dalışlarda rast gəlinir. Maraqlıdır ki, bu cür dalışlar zamanı əvvəllər məlum olmayan yeni növlər də kəşf edilə bilir.
Daha əvvəl ABŞ Milli Okean və Atmosfer İdarəsinin Okean Kəşfi missiyasının rəhbəri Derek Sauers "Dənizlərin dərinliklərinə enəndə mütləq yeni bir şeylər kəşf edirsiniz. Hər zaman əvvəllər görmədiyiniz canlılarla rastlaşırsınız", deyə bildirmişdi.
Okeanların dərini araşdırılır
Okeanlarda tədqiqat aparan təşkilatlar, dərin dənizləri sənədləşdirmək və xəritələşdirmək üçün hazırda intensiv şəkildə çalışırlar. Alimlər dərinliklərə diqqət çəkməklə, orada mövcud olan həyat formalarını və faydalı mineralları araşdırmağa çalışırlar.
Bu araşdırmalar zamanı məlum olub ki, okean canlıları, xüsusən də dərman istehsalı sahəsində böyük potensiala malikdir. Milli Okean və Atmosfer İdarəsinin məlumatlarına görə, dənizlərdə yaşayan onurğasızlar digər quru canlılarından daha çox antibiotik, xərçəngə qarşı və iltihab əleyhinə maddə istehsal edir.
Videolarda ekspedisiya üzvlərinin heyranlığını eşitmək mümkündür. Onlardan biri bu nadir görüntülərə baxarkən "Bu çox, çox gözəldir. Gəlin burada əbədi qalaq" deyə zarafat edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər