Xəbər lenti

İdman 12:25 19.04.2024

Alman futbolçu Qvardiolanın üslubunu tənqid etdi: "Dəyərlərimizi itirdik"

Almaniya milisinin və "Bavariya"nın keçmiş futbolçusu Bastian Şveynşteyger Pep Qvardiolanın oyun üslubunu tənqid edib.

Qaynarinfo-nun məlumatına görə, məşhur futbolçu Qvardiolanın "Bavariya"ya məşqçilik etdiyi dönəmdə mənimsətmək istədiyi oyun üslubunun alman futboluna uyğun olmadığını vurğulayıb. 

Alman futbolçu İngiltərə millisinin sabiq üzvü Qari Nevilin aparıcısı olduğu "The Overlap" podkastına açıqlamasında "Qvardiola, "Bavariya"ya gələndə onun inanılmaz bir oyun üslubu var idi. Oyunçulara verdiyi ideyalar heyrətamizdir. Amma nəticə bu oldu ki, bir çox digər klublar, hətta Almaniya millisi belə, onun üslubunu öyrənməyə başladılar. Sonda DNT"mizi tamamilə unutduq. Pepin üslubuna çox inandıq və deyərdim ki, bu, kiçik bir səhv idi. Həmişə demişəm, Pep "Barselona"da yetişib və o meydanda 11 "aktyor"la film yaradıb. Lakin, bəzən aktyorlar dəyişəndə eyni filmi çəkə bilmirsən. Düşünürəm ki, Qvardiola Münhendə olduğu müddətdə və "Mançester Siti"dəki ilk illərində Çempionlar Liqasının qalibi olmaq üçün müdafiənin gücləndirilməsinin vacibliyini öyrəndi. Qvardiola Almaniyaya gələndə, hamı inanırdı ki, qısa ötürmələrlə oynamalıyıq. Ancaq dəyərlərimizi itirdik. Düşünürəm ki, digər xalqlar bizi həmişə sona qədər mübarizə aparan bir komanda hesab edirdilər. Ancaq son yeddi-səkkiz ildə bu xüsusiyyətimizi itirmişik və unutmuşuq.  Biz sadəcə, ötürmələrə daha çox diqqət yetirirdik".

Qvardiola "Bavariya"nın baş məşqçisi olduğu müddətdə Bundesliqa çempionluğunu (3), Almaniya kubokunu (1), klublararası dünya çempionluğunu (1) və Avropa Superkubokunu (1) qazanıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->