Almaniya bu onilliyin sonuna qədər və ondan sonra da Ukraynaya hərbi dəstək verməkdə qərarlıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin Ukrayna üzrə Xüsusi Qərargahının rəhbəri, general-mayor Kristian Freydinq "Stuttgarter Zeitung” və "Stuttgarter Nachrichten” qəzetlərinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqdə müharibənin başlaması ilə Almaniya üçün heç nə dəyişmir: "Bizim üçün aydındır: biz Ukraynanı İsrail kimi dəstəkləyirik”.
Lakin general qeyd edib ki, hər iki ölkədə ilkin vəziyyət çox fərqlidir.
"Ukrayna silahlı qüvvələri yenicə modernləşməyə başlayır. İsrail ordusu yaxşı təchiz olunub, yaxşı təlim keçib və indi istənilən gün müharibə aparmağa hazırdır. Ukrayna və İsrailin iqtisadi imkanları da tamamilə fərqlidir. Bundan əlavə, müharibənin mahiyyəti fərqlidir", deyə Freydinq izah edib.
O qeyd edib ki, əgər böyük müharibənin əvvəlində söhbət əsasən situativ dəstəkdən gedirdisə, hazırda uzunmüddətli planlama aparılır:
"Ukrayna və tərəfdaşlarımızla birlikdə biz Ukraynanın silahlı qüvvələrinin gələcəkdə necə görünməsi barədə danışırıq. Bir şey aydındır: Ukraynaya hərbi dəstək onilliyin sonuna və ondan sonrakı dövrə qədər bir vəzifədir. Bizim büdcə planlaşdırmamızda artıq 2032-ci ilə qədər vəsait nəzərdə tutulub, bu bizim qətiyyətimizdən xəbər verir".
O, Ukraynanın özünü müdafiə etməyə və hücum edənlərin qarşısını almağa qadir olan azad dövlət kimi qalması üçün onun bacarıqlarını inkişaf etdirməsinə kömək etməyin zəruriliyini qeyd edib.
"Mənim üçün azadlıq uğrunda mübarizənin bitmə tarixi yoxdur", deyə alman general bildirib.
Freydinq həmçinin bildirib ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü başlayandan bəri Almaniyada 8 mindən çox ukraynalı əsgər təlim keçib.
Nizami Bağırov