Alman şirkətləri Rusiya qoşunları tərəfindən praktiki olaraq dağıdılmış və hazırda işğal altında olan Mariupolun bərpasında iştirak edir.
Qaynarinfo xəbər verir ki, bu barədə ARD televiziya şirkətinin xəbər saytı
yazır.
ARD Monitor jurnalı tikinti şirkətlərinin hesabatlarını, həmçinin Mariupoldan gələn foto və video materialları öyrənərək araşdırma aparıb.
Belə ki, işğal altında olan şəhərdə Almaniya istehsalı olan tikinti texnikası və pəncərələr, Rusiyada biznesi olan Almaniyanın nəhəng "Knauf” şirkətinin loqosu olan sement kisələri aşkar edilib.
ARD Monitor sorğusuna cavab olaraq "Knauf” bildirib ki, o, Rusiyanın Ukraynaya təcavüzünü pisləyir və Aİ-nin bütün sanksiyalarına əməl edir və Rusiyada yalnız daxili Rusiya bazarına məhsul tədarük edən törəmə müəssisəsi var. Əvvəllər "Knauf”un sahibi olan ailənin başçısı Nikolaus Knauf bildirib ki, şirkətin Rusiya Federasiyasında hələ də 4 min işçisi var və satışlar "milyardlarla” ölçülür. Nəşr qeyd edir ki, Nikolaus Knauf 20 il Rusiyanın fəxri konsulu olub və Krımın ilhaqından sonra sanksiyaların tətbiqini tənqid edib.
Sanksiyalar üzrə hüquq eksperti Viktor Vinkler "Knauf”un sanksiyaların daxili bazarda Rusiyada fəaliyyət göstərən törəmə şirkətinə şamil edilməməsinə dair mövqeyini absurd adlandırıb. Onun sözlərinə görə, ümumiyyətlə, tikinti materialları Aİ sanksiyalarına məruz qalmasa belə, şirkətlər bilməlidirlər ki, müharibəyə dolayısı ilə kömək edirlər. Belə ki, "Knauf” törəmə şirkəti tərəfindən dərc edilən materiallarda Rusiya Müdafiə Nazirliyinin sifarişi ilə yaşayış binasının tikintisi layihəsində iştirak haqqında məlumatlar yer alır.
Bundestaqın deputatı Roderix Kisevetter də alman şirkətlərinin tikintidə iştirakını pisləyib və qeyd edib ki, Knauf "əslində Mariupol da daxil olmaqla işğal olunmuş ərazilərdə Rusiyanın gücünü möhkəmləndirir”.
Jurnalistlər Mariupoldakı tikinti sahələrindən foto və videolarda "WKB Systems GmbH”nin loqoları olan beton bloklar da tapıblar. Şirkətin ən böyük səhmdarı rusiyalı oliqarx Viktor Budarindir.
Nizami Bağırov